Azərbaycan-Rusiya münasibətləri: Yekaterinburqdan sonra


İndi dünyanın hər bir regionunda gözlənilməz hadisələr baş verə, hətta ənənəvi müsbət münasibətləri olan müttəfiqlər arasında belə müəyyən problemlər yarana bilər. Bundan heç bir dövlət sığortalanmayıb. Əsas məsələ hansısa çətinlik meydana gələndə onu aradan qaldırmağa siyasi iradənin olması ilə bağlıdır. Bunun üçün isə siyasi müdriklik və uzaqgörənliklə milli maraqlara uyğun qərarlar qəbul etmək kimi yüksək keyfiyyətlər tələb olunur. Yekaterinburqda Rusiya xüsusi təyinatlılarının azərbaycanlılara qarşı keçirdikləri əməliyyatlar bu baxımdan geniş ictimai və siyasi rezonans doğurdu. Azərbaycan tərəfi soydaşlarımıza qarşı qanunsuz hərəkətləri kəskin qınadı və izahat tələb etdi. Bundan başqa, Azərbaycan günahkarların cəzalandırılmasını tələb edir. Bütün bunların fonunda Rusiya-Azərbaycan münasibətlərinin sonrakı taleyi kontekstində məsələ üzərində geniş dayanmağa ciddi ehtiyac görürük.

Münasibətlərin müasir mərhələsi

Azərbaycan cəmiyyətində hazırda müxtəlif səviyyələrdə Rusiya ilə münasibətlər geniş müzakirə edilir. Yanaşmalar fərqlidir. Kəskin neqativdən ifrat müsbətə qədər müxtəlif fikirlər səsləndirilir. Müzakirələrdə fərqli mövqelərdən dil, təhsil, mədəniyyət aspektlərində əlaqələr təhlil edilir. Siyasi, iqtisadi və geosiyasi aspektlərdə də bir-birinə zidd olan məqamlar irəli sürülür. Bütün bunlar indiki reallıqlara adekvatdırmı? Azərbaycan və Rusiya cəmiyyətləri belə həssaslıq göstərməkdə haqlıdırlarmı?

Azərbaycanla Rusiya strateji müttəfiqdirlər. Bu, dövlətlərarası sənədlərdə təsbit edilib. Azərbaycan postsovet məkanında Belarusdan sonra yeganə müstəqil dövlətdir ki, rus mədəniyyəti və dilinə sayğını qoruyub saxlayıb. Bundan başqa, rəsmi Bakı müttəfiq kimi üzərinə götürdüyü bütün öhdəliklərə əməl edir. 1993-cü ilin iyunundan Rusiya-Azərbaycan münasibətlərinə verilən müsbət dinamika inkişaf etdirilir. Prezident İlham Əliyev həmin münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr də yüksələn xətt üzrə inkişaf edir. Hətta bir sıra ekspertlər Azərbaycanın bu sahədə Rusiyadan asılı olduğunu iddia edirlər. Müasir mərhələdə "iqtisadi asılılığ"ın xarakteri və mahiyyəti öncəki mərhələlərdən fərqlənir. Rusiya Prezidenti V.Putin özü açıq etiraf edir ki, dünyada bütün dövlətlər bir-birindən asılıdır.

Azərbaycanlılar Rusiya rəhbərliyinin Qarabağ məsələsinin həllində tutduğu mövqeni də unutmayıblar. Bütövlükdə həmin mövqe müsbət qiymətləndirilir. Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxması bu baxımdan diqqətdən kənarda qalmır. İndi həmin davranışlara görə Rusiya ermənilərin ittiham hədəfinə çevrilib. Hətta ondan istifadə edərək Ermənistan siyasi rəhbərliyi Rusiyanın yaratdığı və İrəvanın da üzv olduğu təşkilatlarda iştirakını xeyli zəiflədib.

Ermənistan rəhbərliyinin hansı mövqe tutmasından asılı olmayaraq, Azərbaycan daim Rusiya ilə münasibətləri müsbət məcrada qurmağa çalışır. Bütün bunlar iki qonşu dövlətin çoxvektorlu qarşılıqlı faydalı əməkdaşlıq prosesini getdikcə daha da inkişaf etdiərəcəyinə böyük ümidlər yaratmışdı. Lakin iki hadisə ortaya bir sıra suallar çıxardı.

Mülki təyyarənin vurulması

Çeçenistan səmasında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir-S" zenit-raket sistemi tərəfindən vurulması faktdır və üstünü örtmək imkansızdır. Yalnız qəhrəman Azərbaycan təyyarəçilərinin (yeri gəlmişkən, hər ikisi etnik ruslar olan azərbaycanlılardır) peşəkarlığı sayəsində çoxlu sayda sərnişin sağ qala bildi.

Buna Azərbaycan tam müstəqil dövlət kimi reaksiya verdi. Prezident İlham Əliyev qətiyyətlə cinayəti törədənlərin cəzalandırılmasını tələb etdi. Lakin, çox qəribədir ki, rəsmi Moskva bu tələbə hələ də ədalətli cavab verməyib.

Yekaterinburq faciəsi

Rusiya rəsmiləri adını nə qoyursa qoysun, Yekaterinburqda azərbaycanlılara qaşrı aparılan əməliyyatda ağır cinayət tərkibi vardır. Rusiya hüquq-mühafizə orqanlarının elitası sayılan təmsilçiləri "quldur" kimi davrandılar. Onlar evə basqın edib adamları döyərək öldürdülər. Ekspertiza sübut edib ki, döyülən azərbaycanlılar qəddarcasına terrora məruz qalıblar! Bunu heç zaman nə Azərbaycan dövləti, nə cəmiyyəti, nə də sadə Azərbaycan vətəndaşları qəbul edə bilməz!

Rəsmi Bakının həmin istiqamətdə atdığı addımları vətəndaşlar dəstəkləyir və hamılıqla Azərbaycan Prezidentinin yanındadır. Ancaq Azərbaycan hüquqi çərçivədə fəaliyyət göstərən, imzaladığı sənədlərə böyük hörmətlə yanaşan dövlətdir! Rusiya bizim strateji müttəfiqimizdirsə, onunla münasibətlərdə son dərəcə təmkinli olmalıyıq. Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "İlham Əliyev çox ehtiyatlı və diqqətli addımlar atır, eskalasiyanın əleyhinədir" kimi fikir bildirməsi çox əhəmiyyətlidir. Yəni, Azərbaycan Prezidenti həmişə olduğu kimi, dövlət maraqlarını hər şeydən üstün tutur. Bununla yanaşı, ədalətli və haqlı mövqeyindən zərrə qədər də kənara çəkilmək fikrində deyildir!

Bütün bunların fonunda əsas sual belə qoyula bilər: Yekaterinburq hadisələrindən sonra iki dövlət arasındakı münasibətlər hansı istiqamətdə olmalıdır?

Regional maraqlar və ortaq məsuliyyətlilik

Azərbaycanla Rusiya Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsində ortaq məsuliyyət daşıyırlar. Sirr deyil ki, Rusiya postsovet məkanının ən güclü və geosiyasi nüfuzu yüksək olan dövlətidir. Azərbaycanla strateji müttəfiqliyi vardır ki, bu da Rusiyanın müəyyən öhdəlikləri üzərinə götürdüyü anlamına gəlir. O cümlədən Rusiya Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi məsuliyyətini daşıyır.

Azərbaycan isə Cənubi Qafqazın lider dövləti kimi regional təhlükəsizlik, əməkdaşlıq və inkişafa məsuldur. Ölkəmiz bu istiqamətlərdə aparıcılıq rolunu məharətlə və uğurla yerinə yetirir. Vurğulanan istiqamətlərdə Bakı ilə Moskvanın arasında ciddi ziddiyyətlər yoxdur.

Belə qənaətə gəlmək olar ki, geosiyasi mənzərənin təbii xarakteri Azərbaycanla Rusiyanı strateji müttəfiq edir və bu, arxa plana atıla bilməz. Bunun əsas təşəbbüskarı Azərbaycan Prezidentidir. Moskvadan verilən mesajlar göstərir ki, Kreml də eyni əhval-ruhiyyədədir.

Məsələnin digər tərəfi iki dövlət arasında münasibətləri korlamağa çalışanların uğur qazanmasına imkan verməməklə bağlıdır. Onun da regional ilə yanaşı, qlobal miqyasda da geosiyasi-hərbi əhəmiyyəti böyükdür. Buna görə də hazırda mövcud olan vəziyyətə bu gerçəklik prizmasından baxmaq daha doğru olardı.

Qlobal geosiyasətin çağırışları və Azərbaycan-Rusiya münasibətləri

Qlobal geosiyasi proseslər mürəkkəb və ziddiyyətli transformasiya dövrünü yaşayır. Hamıya məlumdur ki, ABŞ-Rusiya-Çin üçbucağında son dərəcə riskli və təhlükəli proseslər baş verir. Bunun fonunda isə Amerika-Avropa İttifaqı, Rusiya-Avropa İttifaqı, İsrail-İran, İsrail-Türkiyə, İsrail-Fələstin münasibətləri kimi həssas məsələlər vardır. Ayrıca, Rusiya-Ukrayna müharibəsi çox geniş geosiaysi məkanda ciddi problemlər meydana çıxarmaqdadır. Düşündürücüdür ki, Rusiya-Ukrayna müharibəsinin təsir dairəsi getdikcə artır. Son olaraq, V.Putin D.Trampla danışıqlarda bəyan edib ki, Moskva qarşısına qoyduğu bütün məqsədlərə çatana qədər müharibə edəcək.

Digər qlobal problemləri də nəzərə alsaq, Avrasiya məkanında geosiyasi mənzərənin riskli və təhdidlərlə dolu olduğu qənaətini əldə edə bilərik. Belə bir şəraitdə Rusiya-Azərbaycan münasibətlərinin pozulması kimlərə sərf edərdi? Azərbaycanla Rusiyadan və onların əsl dostlarından başqa hər kəsə! Məhz Bakı və Moskva buna imkan verməməlidir! Bu səbəbdən Prezident İlham Əliyevin növbəti dəfə yüksək dövləti yanaşma nümayiş etdirməsi və son dərəcə təmkinli və səbrli addımlar atması böyük əhəmiyyət kəsb edir.

Azərbaycan rəhbərliyi İranla bağlı olduğu kimi, bu dəfə Rusiyanı sağlam münasibətlər müstəvisinə dəvət edib. Və görünür ki, Kreml kifayət qədər həssaslıq və diqqətlə buna müsbət reaksiya verir!

Faydaları

Şübhəsiz ki, Azərbaycanla Rusiya arasında münasibətlərin mücbət məcrada inkişafı geniş bir geosiyasi məkanda faydalar verəcəkdir. İndi kimsə Azərbaycanın öz haqqını qoruya bilən müstəqil güclü dövlət olduğuna şübhə ilə yanaşmır. Əlbəttə, Yekaterinburqda və başqa şəhərlərdə soydaşlarımıza qarşı edilən hüquqazidd hərəkətlərin cavabı veriləcəkdir. Bu əməlləri törədənlər cəzalandırılacaqlar. Təbii ki, etnik mənsubluğundan asılı olmayaraq cinayət edənlər də hüquq qarşısında məsuliyyət daşıyırlar.

Ancaq azərbaycanlılara qarşı Rusiyada total hüquqazidd hərəkətlərin ola biləcəyi ehtimalı sıfıra yaxındır. Bu, iki dövlətin əməkdaşlığı davam etdirmək niyyətindən çıxan nəticədir. Müxətlif lokal problemlər ola bilər, ancaq böyük geosiyasi anlamda strateji müttəfiqlik davam edəcəkdir.

Azərbaycan və Rusiyanın müxtəlif sahələrdə əməkdaşlıqlarını yeni səviyyəyə yüksəldəcəklərinə böyük inam vardır. Bakı və Moskva əməkdaşlığa perspektivli yanaşırlar!

Kamal Adıgözəlov


MANŞET XƏBƏRLƏRİ