Rusiyanın nəqliyyat naziri Roman Starovoytun ölümü ilə bağlı müəmmalar səngimir. Meyiti avtomobildə tapılan rəsminin intihar etdiyi bildirilsə də, bəzi ekspertlər qətl versiyasının daha real olduğunu düşünürlər. Bununla belə, hadisənin detalları hələ də suallar doğurur.
Roman Starovoyt hansı sirrləri bilirdi? O, qəsdən öldürülə bilərmi?
Globalinfo.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Rusiya siyasi elitasında qətllər, sui-qəsdlər və intiharlar artıq adi haldır:
“İllərdir belə olaylar müxtəlif formatlarda baş verir. Məsələn, böyük şirkət rəhbərləri bəzən xəstəxanada və ya evlərində ölü tapılırlar. Bu, rəsmi olaraq intihar kimi təqdim edilsə də, Kreml üçün xarakterik vəziyyətdir. Prezident Vladimir Putinin də KQB məktəbindən gəldiyini nəzərə almaq lazımdır. Çünki sui-qəsd, intihar və ölüm hadisələrinin təşkilatçıları, adətən bu xüsusi xidmət orqanlarından çıxır. Üstəlik, Putin ölkə başçısı kimi bu ənənələrdən əl çəkməyib. Ona görə də baş verənlər təəccüb doğurmur”.
Tural Abbaslı
Partiya sədri əlavə edib ki, nazirlər prezidentin yaxın ətrafından seçilirlər və vacib informasiyalara malik olurlar:
“Onlar böyük maliyyə fırıldaqlarında iştirak edə, ali rəhbərin imicinə zərbə vura biləcək bilgilərə sahib ola bilərlər. Roman Starovoytun istefaya göndərildikdən sonra intihar etməsi normaldır. Mümkündür ki, ona haqqında istintaq başlayacağı və həbs olunacağı barədə məlumat verilib. Moskva həm xarici, həm də daxili siyasətdə çox aqressiv davranır, öz düşmənlərini qadağan olunmuş maddələrlə zəhərləyir, qətlə yetirir və sair. Stalinin əsasını qoyduğu ənənəni indi də Putin davam etdirir. Belə cəmiyyətlərdə prezidentin ən yaxın adamı sabah onun ən qatı düşməni ola bilər. Məsələn, “Vaqner” rəhbəri Yevgeni Priqojin əvvəllər Vladimirin etibarlı adamı idi. Lakin üsyana cəhd edəndən sonra təyyarəsi qəzaya uğradı. Bu, Putin və Rusiya siyasətinin spesifik xarakteridir”.