İran-İsrail-ABŞ üçbucağında yeni FIRTINA: Müharibə bitib, yoxsa fasilə verilib? - ŞƏRH


Son günlər İran, İsrail və ABŞ arasında baş verən hadisələr Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşdiyini göstərir. Ekspertlər xəbərdarlıq edirlər ki, tərəflər arasında əvvəlki qarşıdurmalar hələ tam bitməyib və istənilən an yeni bir müharibə alovlana bilər. Bu dəfə isə mümkün münaqişənin daha genişmiqyaslı və dağıdıcı olacağı ehtimal edilir. Regional və qlobal güclərin maraqlarının toqquşduğu bu üçtərəfli qarşıdurma yalnız Yaxın Şərqi deyil, bütün dünyanı narahat edən yeni bir böhrana çevrilmək üzrədir.

Maraqlıdır, görəsən müharibə həqiqətən də bitməyib? İran, İsrail və ABŞ arasında yenidən qarşıdurma baş verərsə, bu dəfə münaqişə daha da ağır və dağıdıcı ola bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov:

Tural İsmayılov

İran-İsrail-ABŞ üçbucağında gərginlik yenidən yüksələn xətlə davam edir və müharibə ehtimalı artıq regional deyil, qlobal təhlükə kontekstində dəyərləndirilir. İsrailin İrana qarşı strateji zərbələri və ABŞ-ın bu prosesi dəstəkləməsi Tehranı daha aqressiv mövqe tutmağa məcbur edir. İran isə həm nüvə proqramı ilə, həm də regiondakı proksiləri vasitəsilə cavab imkanlarını genişləndirir. ABŞ və İsrailin qətiyyətli ritorikası Tehrana qarşı diplomatik masanı çökdürmə riski daşıyır. İranın daxili siyasi-ictimai sabitliyinin zəifləməsi də onu xarici düşmən obrazı üzərindən birləşdirməyə vadar edə bilər. Hazırda Yaxın Şərqdəki dinamiklər, xüsusən HƏMAS və Husilər kimi aktorlar vasitəsilə münaqişənin alovlanmasına münbit zəmin yaradır. Əgər müharibə bu dəfə açıq şəkildə başlayarsa, bu, artıq təkcə İran-İsrail münaqişəsi olmayacaq. Körfəz ölkələri, Rusiya və Çin kimi güclər də dolayı və ya birbaşa bu oyuna çəkilə bilər. Türkiyənin və Səudiyyə Ərəbistanının mövqeyi həlledici olacaq. İsrailin içindəki siyasi böhran və etirazlar da onun hərbi manevr imkanlarını məhdudlaşdıra bilər. İranın hərbi texnologiya baxımından geri qalması onu asimmetrik müharibəyə yönləndirə bilər. Bölgədəki enerji yolları, xüsusilə Hörmüz boğazı bu savaşın əsas hədəfinə çevrilə bilər. Avropa ölkələrinin enerji və təhlükəsizlik maraqları onları da daha açıq mövqe tutmağa vadar edəcək. Nəticə etibarilə, bu dəfəki qarşıdurma lokal deyil, çoxqütblü və kompleks bir savaş formatında cərəyan edə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ