Rusiya və Azərbaycan arasında yaşanan son siyasi və diplomatik gərginlik fonunda bir sıra məsələlər gündəmə gəlib. Bir neçə gündür ki, rus soyadı sonluqlarının dəyişdirilməsi istiqamətində fikirlər səsləndirilir. Bu çərçivədə “ov, yev” sonluqlarının “zadə, “li”, “soy”, “gil” ilə əvəz edilməsi təklif olunur.
Bu, reallaşa bilərmi?
Globalinfo.az-a danışan deputat Elman Nəsirov qeyd edib ki, bu məsələ əvvəllər də müzakirə edilib və kifayət qədər insan dəyişiklik yolunu seçib:
“İndi xeyli sayda fərqli soyad sonluqları var. Burada insanların sərbəst seçim hüququ mövcuddur. Bəzi sonluqları dəyişəndə tamamilə başqa məna alınır. Yaxud onlara artıq öyrəşmişik. Ümumilikdə, Azərbaycan və Rusiya əbədi qonşudur. Münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib. Amma təəssüf ki, ara-sıra xeyli anlaşılmaz məqamlar ortaya çıxır. Yekaterinburqda yaşanan hadisələr fonunda münasibətlərdə müəyyən gərginlik yaranıb. Bu, açıq faktdır. Belə şəraitdə Moskva ilə əlaqələrin bütün istiqamətlərdə məhdudlaşdırılmasına xidmət edən təkliflər, tövsiyələr irəli sürülür”.
Elman Nəsirov
Deputat bildirib ki, iki ölkə arasında əlaqələr yenidən əvvəlki səviyyəsinə qayıda bilər:
“Bu halda, necə olacaq? Soyad sonluqlarının dəyişdirilməsini isə insanların seçiminə buraxmaq lazımdır. Kim necə istəyirsə, elə etsin. Mövcud məsələdə məcburi qaydalar faydasızdır”.
Qeyd edək ki, “ov, yev” soyad sonluqları Azərbaycanda 1900‑cü illərin əvvəllərində Rusiya imperiyasının təsiri ilə yaranmağa başlayıb. 1920‑ci illərdə Sovet dövründə geniş şəkildə tətbiq edilib.