ATƏT-in Minsk Qrupunun saxlanılması ikili standartların göstəricisidir – Deputat


Ermənistanın işğal siyasətinə bu və ya digər formada 30 il “haqq” qazandırmağa çalışan ATƏT-in Minsk qrupunun hazırda mövcudluğunu saxlaması üçün heç bir əsas yoxdur. Çünki bu qurum işğala məruz qalan ölkə ilə, işğalçı arasında heç bir fərq qoymayıb. 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün halına düşməsinə, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalına göz yuman Minsk Qrupunun indiki halda öz mövcudluğunu saxlamağa çalışması sadəcə olaraq ikrah yaradan bir haldır. Bu kontekstdə ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan ötüb.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, cənab Prezident İlham Əliyev də ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bunu haqlı olaraq bir daha vurğulayıb: “Dövlətimizin başçısı qeyd edib ki, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib”. Bu bir reallıqdır ki, 30 illik fəaliyyəti dövründə bir dəfə də olsun Minsk Qrupu Azərbaycanın pozulmuş fundamental hüquqları ilə bağlı hər hansı bir məsələ qaldırmayıb. Halbuki məhz bu təşkilatın əsas vəzifəsi keçmiş problemi nizama salmaq, qaçqın və məcburi köçkünləri təhlükəsiz şəkildə öz evlərində qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsi istiqamətində zəruri addımlar atmaqdan ibarət idi. Amma ötən illər ərzində Minsk qrupunun həmsədrləri Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib”.

Deputat bildirib ki, Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Ermənistanın işğal faktına son qoyulub. Beləliklə, artıq Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qalıb. İki ölkə arasında sülh müstəvisində real danışıqlar gedir. Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün qalib və güclü Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə effektiv iş aparılır”.


MANŞET XƏBƏRLƏRİ