Xankəndidə alovlanan tonqal tarixi ədalətin bərpası idi – Millət vəkili


Prezident İlham Əliyevin martın 18-də Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməsi, bayram tonqalını alovlandırması xalqımızın yaddaşına tarixi hadisə kimi həkk olundu. Uzun on illiklər Azərbaycan xalqının ən ümdə arzusu məhz Ermənistanın işğalında olan ərazilərimizin azad olunması, orada şad günlərin, bayramların keçirilməsi, tonqalların qalanması olub. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan dövləti 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu. Ərazi bütövlüyümüz təmin edildi. Ermənistanın işğal faktı başa çatdı.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, düşmən 30 ildə Azərbaycan xalqının başına gətirdiyi bütün müsibətlərə görə döyüş meydanında cavab verməli oldu və kapitulyasiya aktına imza atmağa məcbur edildi: “Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin, günahsız soydaşlarımızın qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərində isə Azərbaycan ərazisində kök salmış separatizm yuvası darmadağın edildi. Ölkə ərazisi üzərində konstitusiya quruluşu bərqərar olundu. Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə speratçılardan təmizləndi. Bu gün Azərbaycan xalqı artıq 4 cü ildir ki, bütün bayramları, o cümlədən milli bayramımız olan Novruzu tamam başqa bir ab-havada qeyd edir. 2021-ci ildə Şuşada yandırılan bayram tonqalı cənab Prezident tərəfindən bu dəfə Xankəndidə alovlandırıldı. Bu sözsüz ki, xalqımız, hər bir vətəndaşımız üçün qürurverici, hisslər, tarixi anlar kimi yaddaşlara həkk olundu”.

Deputat bildirib ki, artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır: “2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalını qalayan cənab Prezident İlham Əliyev Novruz Bayramı münasibəti ilə xalqımıza ən xoş arzularını da məhz bu tarixi torpaqlarımızdan çatdırıb. Dövlətimizin başçısının da qeyd etdiyi kimi “altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır”.

Aqil Məmmədov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bərpa-quruculuq işləri davam edir: “Artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdır. Bu proses bu ildə uğurla davam edəcək. Cənab Prezident İlham Əliyev tərəfindən qələbəmizin növbəti rəmzi kimi Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılıb. Dövlət başçısının da qeyd etdiyi kimi Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınıb. Keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılıb və məhz ondan sonra xalqımızın problemləri başlayıb. Məhz keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan Azərbaycana qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırım və digər qanlı cinayətlər törədib. Sözsüz ki, bu məsələdə onlara dəstək verən xarici qüvvələr bu gün də həmin dəstəklərini davam etdirir. Əslində həmin xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşür”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqı, dövləti öz əzmi, qətiyyəti ilə ona məxsus olana sahib çıxıb: “Düşmən torpaqlarımızdan qovuldu, tarixi ədalət bərpa edildi. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Cənab Prezident Xankəndidə xalqımızı Novruz bayramı münasibəıti ilə təbriklərini çatdırarkən bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq”.


MANŞET XƏBƏRLƏRİ