Yerlə göyü birləşdirən


Rafael Hüseynov
Akademik

Başqalarına gözəl əxlaqa sahib olmaq, həyatda yerini tapa və sözünü deyə bilməkçün öyüd kitabları yazan o misilsiz insan hərdən, güzgü qabağında dayanıbmış kimi, nəsihəti ən əvvəl özünə edirdi. Belə idi ona görə ki, bütün biliklərindən, təcrübələrindən, yaşadığı ömürdən daha öncə soyadı gəlirdi. Həmin səsə isə qulaq asmaya bilməzdi. Çünki təməl başlanğıcdan belə qoyulmuşdu, onun və nəsildaşlarının mayası belə yoğrulmuşdu, ağılları kəsəndən dərsi, tərbiyəni belə almışdılar ki, bu soyadı daşıyırsansa, sən ömrün boyu hər an fədakarlıqla millətin, yurdun xidmətində dayanmağa hazır olmalısan.

Ey Qüdsi, ibrətlə bax bu gedişə,

Ağılla şüru et sən də hər işə.

Əqlə istinadın mənası çoxdur,

Bəxt üz döndərsə də, zərəri yoxdur.

Nakam yaşasa da şüurlu insan,

Yaxşıdır xoşbəxt bir nadan olmaqdan.

Bakıxanovlar şəcərəsindən olanların əksərinin əzbər bildiyi və ömür boyu əməl etməyə səy göstərdiyi bu şeir-düstur, əslində, hər bir yurddaşımıza ünvanlanıb.

Bu sətirlərdəki həqiqəti Abbasqulu ağa Bakıxanov ilk növbədə öz övladlarına, öz nəslinin təmsilçilərinə tövsiyə edib, sonra da xalqın bütün balalarına.

Abbasqulu ağa xoşbəxt bir ömür yaşadı. Çünki ona, ən azı, özünün elə bu şeirində tövsiyə etdiyi və umduğu nadan olmamaq səadəti qismət idi.

Ömrü boyu oxudu, öyrəndi, dəfinələr kimi qiyməti zaman ötdükcə azalmayıb artan kitablar yazdı, yaratdıqlarıyla özünə abidələr yapdı. Və həmin misraların ibrətindən nümunə götürən Bakıxanov nəslinə mənsub hər dəyərli övlad da həyatı uzunu hansı sahədə çalışdısa, baslıca amalı zəhmətsevərlik, biliksevərlik, usanmadan çalışmaq, faydalar verməyə can atmaq oldu.

Tərcümeyi-halını özündən yaxşı kim nağıl edə bilər ki! Bakıxanov ömür yolunun başlanğıcını belə təsvir edirdi: “Fağır mən – Mirzə Məhəmməd xan Sani (İkinci – R.H.) oğlu Abbasqulu Qüdsi hicri 1208-ci ildə, zilhiccə ayının 4-də, pəncşənbə günü, 1-ci saatda (miladi tarixlə 1794-cü il iyul ayının 3-də, cümə axşamı – R.H.) Bakının Əmirhacıyan kəndində anadan olmuşam.

Məni 7 yaşımdan oxumağa qoydular, lakin vəziyyətin qarışıqlığı və müharibələr nəticəsində olan dəyişikliklər məqsədə istənilən səviyyədə yetməyə mane oldu. 10 il ərzində farsca azacıq savaddan başqa bir şey qazanmadım. Bundan sonra Qubada 10 il ərəb dili və sair fənləri təhsil etməklə məşğul oldum. Vəsaitin azlığına, digər maneə və əngəllərə baxmayaraq, mən yenə bir qədər təhsil almağa müvəffəq olmuşdum. Bu zaman Qafqaz ordusu və vilayətlərinin fərmanfərması (baş komandanı – R.H.) general Yermolov 1235 (1820)-ci ildə məni dəvət edib dövləti vəzifələrdə işə təyin etdi. Tiflisdə rus dili və yazısını öyrəndim.

…Vəzifə işlərilə əlaqədar bir çox ölkələri gəzdim.

Avropa ölkələrinin təcrübəli dövlət adamları, məşhur alimləri və bilici sənətkarları ilə görüşdüm, bir çox qəribə işlər və saysız təəccüblü əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən bilik və təcrübəmi artırdım. Get-gedə cəhalətim azaldı”.

Abbasqulu ağa demir ki, bu qədər oxuyandan, öyrənəndən, gəzib-dolaşandan, təcrübələr əldə edəndən sonra mən də alim oldum. “Cəhalətim azaldı” deyir. Və yalnız bundan sonra – cəhalətinin azaldığını dərk etmək mərtəbəsinə yetişincə, başlayır başqalarını da cəhalət əsarətindən qurtarmaqçün kitablar yazmağa.

Abşeronda, Qubada, Azərbaycanın dörd bucağında Abbasqulu ağa Bakıxanovun adıyla bağlı yerlər, onun heykəli, büstləri var. Xatirəsinin əbədiləşdirildiyi məkanların hər birində Bakıxanov daim canlıdır.

Onun elmi və ədəbi yadigarları nəşr edilir, haqqında tədqiqatlar yazılır, şeirlərinə musiqilər bəstələnir. Bakıxanov soraqlı bu əsərlərin hər birində o diridir, yenidən müasirimiz kimi bizimlə görüşə gəlir.

… Orta əsrlərdən üzü bəri Azərbaycan ziyalısının bir neçə üstün keyfiyyəti keçib gəlir ki, Abbasqulu ağa da onlara sahib idi. Çoxdillilik, çoxşaxəli savad, özünü yalnız Azərbaycanın deyil, bütöv Şərqin övladı və vətəndaşı saymaq duyğusu. Bu məziyyətlər Abbasqulu ağaya keçmiş şərəfli nəsillərin mirası kimi gəlib çatdı. Ancaq artıq XIX əsr idi, dünya başqalaşırdı, yeniləşirdi və bu başqalaşan, yeniləşən dünyanın doğurduğu yeni önəmli ziyalı keyfiyyətləri vardı ki, Abbasqulu ağa Bakıxanov onları da əxz etdi. Və bu təməl üzərində doğurduğu sanballı elmi və ədəbi incilərlə tariximizin ən nadir simalarından birinə çevrildi.

Abbasqulu ağa Bakıxanov yurdunu, xalqını, dilini sevən bir vətənpərvər idi. Amma çoxqanadlı bilikləri, Şərq və Qərb dillərinə bələdliyi ona bir mühüm mətləbi də anlatmışdı ki, Azərbaycan nə qədər sevimli olsa belə, dünya da var və Azərbaycan bu böyük dünyanın bir parçasıdır. Abbasqulu ağa milli xudbinlikdən, əyalətçilikdən uzaq idi, digər xalqların yaratdığı yaxşı olan, bəşəri olan sərvətlərə sayğısı böyük idi. Bircə göstərici – Varşavada böyük alim Kopernikə abidə ucaltmaq üçün vəsait toplananda o da həmin xeyir işə ilkinlərdən biri olaraq qoşulmuşdu.

Abbasqulu ağa şeirlərində “Qüdsi” təxəllüsünü işlədir. “Qüdsi” – yəni pak, müqəddəs.

Və onun ömür sapı vətənindən çox-çox uzaqlarda – qızmar ərəb səhralarında, Məkkə ziyarətindən geri qayıdarkən Mədinə yolunda qırıldı. 1846-cı ilin dekabrında Dəməşq karvanı ilə gedən Abbasqulu ağa bir neçə günə 6-7 min insanı tələf edən vəbanın qurbanlarından oldu. Onu Vadi-yi Fatimədə dəfn etdilər. Müsəlman inamı belə ölümü müqəddəs sayır. Amma əlbəttə ki, Bakıxanov kimi uca bir insanın müqəddəsliyinin əsl səbəbi onun harada dəfn edilməsində yox, bəxtinə düşmüş ömür möhləti içərisində nələr doğurmasındadır. Bakıxanovun qüdsiyyətini onun özündən və bizim hər birimizdən çox yaşayacaq əsərləri, xalq naminə gördüyü unudulmaz işlər yaradır.

Qısa – 52 illik ömür yaşayıb, rus ordusunda polkovnik rütbəsinə qədər ucalmış və hətta bəzi soraqlara görə, general çininə də layiq görülmüş Abbasqulu ağa Bakıxanov tariximizdə bir hərbi xadim, diplomat kimi deyil, elm və mədəniyyət elçisi kimi daha artıq əbədiləşib. Bu gün Abbasqulu ağa Bakıxanovu anarkən onun hərbi hünərləri və siyasətçi uğurlarından deyil, elmi və ədəbi şücaətindən söz açılır. Fəlsəfə, tarix, nücum, coğrafiya və başqa bir çox elmlərlə dərindən maraqlanmış Abbasqulu ağa Bakıxanov üz tutduğu bu bilik sahələrinin hər biriylə əlaqədar dəyərli əsərlər yadigar qoyub getmişdir. Ancaq bu zəngin bilik sahibinin elmi irsiylə yaxından tanış olandan sonra mühüm bir həqiqətlə də qarşılaşırıq – Abbasqulu ağa fəlsəfə ilə məşğul olanda da, əxlaqşünaslığın suallarını incələyəndə də, astronomiya, coğrafiya ilə bağlı kitablar yazanda da peşəkar astronom, filosof, coğrafiyaşünas… deyil, tarixçiydi: elm tarixçisi! Hətta tarixi əsərinin – bu sözün həm dolayı, həm birbaşa anlamında – “Gülüstan-i İrəm”in mütaliəsindən də bəlli olur ki, burada da o, peşəkar tarixçi deyil, tarixin tarixçəsini, xülasəsini oxuculara çatdırmaq istəyən bir elm tarixçisidir. “Gülüstan-i İrəm”lə əlaqədar bu son fikri ona görə yazmırıq ki, həmin kitabda ayrı-ayrı tarixi hadisələrin təsviri, izahı, dəqiq il, ay və günlərinin göstərilməsində yanlışlar var; Nuhun tufanı ilə Gülüstan bağlaşması arasındakı böyük zamanı bir kitab hüdudlarında şərh etmək istərkən büdrəmələrin, xətaların olması qaçılmazdır. Ancaq mətləbimiz özgədir – məhz məsələni bu cür qoyması – insanın yaranışından başlayıb XIX əsrə qədər gəlib çatması göstərir ki, Abbasqulu ağa Bakıxanov tarix mövzusuna onun hansısa müəyyən dövrünü götürüb dəqiqliklə qələmə alan bir peşəkar tarixçi kimi deyil, maarifçi məqsədlərlə – oxucuda Şirvan və Dağıstan xalqlarının bütöv tarixi haqqında ümumi təsəvvür yaratmaq istəyən elm tarixçisi kimi yanaşır.

Təbii ki, müxtəlif mövzulu, bir-birindən xeyli fərqli əsərlərin hər biri hansısa münasibətlə əlaqədar yazılmağa başlanmışdı. Lakin onların hamısının ortaq bir yazılış münasibəti də vardı ki, bu da Bakıxanovun başlıca amalı olan xalqa xidmət etmək ehtirasından qaynaqlanırdı.

…Günlərin birində özünəmi lazım olur, ya kiminsə iltimasına görəmi – uşaqların təlimi üçün asan və anlaşılan bir dildə yazılmış kitab axtarır, tapa bilmir. Və başını bulayıb keçmir. Qərara alır ki, bu boşluğu da doldursun: “Bəzi işlənməkdə olan kitablar o qədər qarışıq-dolaşıq ibarələrlə yazılmışdır ki, müəllimlərin çoxu özləri onları dərk edə bilmirlər. Bəzi kitablar isə o qədər uzun və pərakəndədir ki, onları anlamaq xeyli çətindir.

…“Nəsayeh” adlı aydın və sadə anlaşılan müxtəsər bir kitab yazdım. Ümid edirəm ki, bu əsər uşaqlara faydalı olub onların tərbiyəsinə getdikcə daha artıq təsir etsin”.

Belə öyüd verirdi Qüdsi: “Sənə tapşırılmayan işi görməyə çalışma. Çünki ondan xeyir görməzsən və öz işindən də geri qalarsan”, “Başqasına pislik etməyə çalışan bir adama yaxşılıq eləmə. Bu, pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir”; “Hər mənsəbdə olsan, öz həddini bil ki, özünü olduğundan nə aşağı tut, nə də yuxarı”; “Bilmədiyin bir işi inkar etmə və bildiyin bir işin düzgünlüyünə də çox bel bağlama. Çünki bizim biliyimiz hələ həddən ziyadə az və ağlımız gücsüzdür”; “Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. Çünki onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz”; “Yaxşı əməldən iki dəfə zövq alarsan: birincisi, onu edəndə, ikincisi, onun əvəzi sənə çatanda”; “Öz qüvvət və istedadının dərəcəsində boynuna iş götür, nəinki nəfsin istədiyi qədər. Məlumdur ki, adam çox dalınca qoşduqda azdan da əli çıxar”…

Və bu sözlər heç vaxt köhnələn deyil. Bu kəlamlar aqil bir insanın həyatın bərkindən-boşundan çıxaraq əldə etdiyi inamlardır.

Bu zərbülməsəllər həyatda yalnız bir məqamda nəfsini ram edə bilməmiş müdrikin hikmətləridir – hər işdə könlünü tox tutmağı bacarmış bu dahi yalnız elmdən doymadı, həmişə sözə təşnə oldu.

…Ensiklopedistlərin və o sıradan son böyük ensiklopedistimiz Abbasqulu ağa Bakıxanovun yaradıcı olaraq özəlliklərindən biri də elmə valehliyi və valeh olduğu bilikləri insanlara da çatdırmaq həvəsi idi.

…Amerika haqqında çox oxumuş, oxuduqlarından öyrəndikləri onu məftun etmişdi. Və növbəti dəfə düşünmüşdü ki, niyə mən bilənləri xalq bilməsin?

Qələmi götürmüşdü: “Amerika adlı ölkənin necə kəşf edilməsi və vəziyyəti bizlərdə naməlum qalıb, yalnız oranın adı bəllidir. Ona görə də bizim diyarın əhalisinin də Amerikanın vəziyyətindən xəbərdar olmaları üçün bu kitabı tərtib etdim”. “Kəşf ül-qəraib”in müqəddiməsindəndir bu fikir.

Abbasqulu ağa Bakıxanovun elmi və ədəbi irsinin dəyərini artıran, səviyyəsini yüksəldən mühüm bir məqam da var. O, çoxdilliydi – fars, ərəb dillərini və təbii ki, öz azəri türkcəsini gözəl bilirdi. Bu üç dildə şeir yazmasından savayı, mühüm olan cəhət onun Şərqin zəngin yazılı mənbələriylə maneəsiz, tərcüməçisiz – birbaşa rabitə yaratmaq imkanının olmasıdır. “Gülüstan-i İrəm”i, “Təhzib ül-əxlaq”ı, “Kəşf ül-qəraib”i, “Eyn əl-mizan”ı, “Qanun-i Qüdsi”ni, “Riyaz ül-Qüds”i, “Mişkat ül-ənvar”ı, “Əsrar ul-mələkut”u ortaya çıxarmaq üçün Abbasqulu ağa Bakıxanov fars, ərəb, türk dillərində yazılmış yüzlərlə qaynaqla tanış olmalıydı və hər üç dili mükəmməl bilməsi sayəsində məhz belə də etmişdi. Ancaq bütün bunlar öz yerində, Abbasqulu ağa Bakıxanov həm də XIX əsrin adamı idi. Avropanın elm və mədəniyyət sahəsində öncül mövqeyə keçdiyi bu zamanda Abbasqulu ağanın bir üstünlüyü də onun ruscanı elə ana dilincə bilməsi, bu dil və həmin dilə çevrilmiş əsərlər vasitəsilə Avropa mənbələri ilə tanışlıq imkanına malik olması idi.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ