(Cavad Heyətin 100 illiyinə ithaf)
İranla bağlı hər hansı bir mövzuda söhbət eşidəndə nədənsə uşaqlıq xatirələrim yada düşür. Qonşumuzun nənəsi İranda yaşadığından ildə bir dəfə Bakıya gələrdi. Yaşlı, qara çarşablı qadının müştükdə papiros çəkməsini biz balacalar təəccüblə izləyərdik. Yaxın qohumum Hökmulla dayının söhbətlərini dinlədikcə isə sanki nağıllar aləminə düşürdük. Hələ uşaq idik deyə Hökmulla dayının Azərbaycanın vaxtı ilə ikiyə bölünməsi, eyni xalqın yarısının Arazın o tayında qalması barədə dediklərində siyasi çalar axtara bilmirdik.
Çox sonralar öyrəndim ki, Hökmulla Nəcəfi əslən ərdəbillidir, siyası baxışlarına görə İrandan köçməyə məcbur olub və Gəncədə məskunlaşıb. O dövrdə İrandan gəlib Gəncədə məskunlaşan soydaşlarımız əsasən tanınmış yazıçı və pedaqoq Mir Cəlal Paşayevin işığına yığışırdılar.
Uşaq yaşlarında Keşlə qəsəbəsindən keçən Moskva-Tehran qatarını həsrətlə izlədiyim yadımdan çıxmır. Özümü o qatardakı vaqonların birində hiss edir, İrana səfərin xəyalını qururdum. Arzum isə yalnız 1992-ci ilin fevralında çin oldu... Tehrana görkəmli həkim, professor Cavad Heyətin bacısı oğlu doktor Ağabəy Azərbaycanlı ilə səfər etdim. Yol yoldaşımız Nazim Əsədullayevlə səfər boyu hər bir xırda detalı yadda saxlamağa çalışır, gördüklərimiz barədə isti-isti fikir mübadiləsi aparırdıq. Tehranda bizi qarşılayanlar arasında Bostonda təhsil almış tibbi cihazlar mühəndisi Mehdi Sədaqətini görəndə çox sevindim. Mehdi ilə məni Almaniyanın Siegen şəhərində həkim işləyən Həsən Qərəvi tanış etmişdi. 1991-ci ildə Mehdi ilə Bakıda görüşmüşdüm. Həmin vaxt Mehdi nənəsinin Buxarada yaşayan bacısını axtarırdı və fürsətdən yararlanıb yolunu Azərbaycan paytaxtından salmışdı. Mehdi məni Tehranda səbirsizliklə gözləyirdi. Nənəsinin Buxarada bacısı ilə görüşünü təşkil etməyimi unutmamışdı.
Mehdi Bakıda olarkən babamın dayılarının Qərbi Azərbaycanın Göyçə mahalından Türkmənistana, oradan da Qorqana köç etmələri barədə söhbət açmışdım. O, da söz vermişdi ki, Məcid bəylə Mahmud bəyi tapmağa çalışacaq. Mehdi Sədaqəti dostluqda da sədaqətli idi, sözünə əməl edib səfərimizin ertəsi günü məni Tehranın şimalında xüsusi məhəllədə yaşayan Ənvər Neyin evinə apardı. Qapını açan Ənvər bəyi görüncə çaşıb qaldım, sanki əmim Əbdüləli ilə görüşürdüm. Antropoloji quruluşunda atamın nəslindən olması həmən bəlli idi. Ənvər bəy uzun illər İran Neft Şirkətində çalışmışdı. 100 ildən çox ömür sürmüş mərhum atasının gündəliyini həvəslə göstərdi, İngiltərədə və İtaliyada yaşayan bacıları Sara və Şura, Amerikadakı Çingiz barədə ətraflı danışdı.
Tehrana səfərim zamanı görkəmli cərrah və ictimai xadim Cavad Heyətlə görüşümüzü səbirsizliklə gözləyirdim. İrana gəlişimin əsas məqsədlərindən də biri Cavad bəyi görüb Qarabağ uğrunda savaşında yaralanan əsgərlərimizin müalicəsi ilə bağlı edə biləcəyi işləri müzakirə etmək idi. Cavad Heyət Bakıdan gələn qonaqları çox mehriban qarşıladı. iki gündə İranda gördüklərimi Cavad bəyə ətraflı danışdım. Sonra o, bizi evinə yaxın bir məkanda fransız restoranına dəvət etdi. Restorandan sonra onun evində Fəridə xanımın dəmlədiyi çaydan içərək əsas məqsədimizi diqqətinə çatdırdıq.
Həyatını Azərbaycanın varlığına həsr etmiş cərrah Cavad Heyət söz adamı kimi böyük Şəhriyarın formalaşdırdığı ədəbi mühitin yetirməsi idi. Onun uzun illər ərzində nəşr etdirdiyi “Varlıq” jurnalı vasitəsi ilə ədiblərin silsilə yazıları dərc olunurdu. “Varlıq” ayrı salınmış xalqın mənəvi körpüsünə çevrilə bilmişdi.
Yeri gəlmişkən, onu da xatırladım ki, professor Cavad Heyətin nüfuzu sayəsində İran İslam Respublikasının rəsmi dairələrinin razılığı ilə əsasən 1992-1993-cü illərdə çoxsaylı yaralı əsgərlərimizin Tehranda müalicə almalarına nail olduq. Vaxtaşırı Tehranda yaralıları ziyarət etmək üçün ora səfər edən professor Yaşar Qarayev, Hadı Rəcəbli, Bəhruz Səfərəliyev, Həmid Cəfərov və qardaşım Nazim Abdullayev də onlara qayğı göstərirdilər.
Tehran səfərimizin son günü Cavad Heyətin bacısı oğlu həkim Cahanşanın dəvəti ilə axşam ziyafətində olduq. Ziyafət zamanı görüşdüyüm avropalı soydaşlarımız öz müasirlikləri ilə seçilirdilər. Tehrandan Bakıya geriyə döndükdə dəhşətli xəbər aldıq. Ermənilər Xocalıda misli görünməmiş soyqırımı törətmişdilər. Öyrəndik ki, faciədə ağır yaralanan sakinlərin bəzilərini Respublika Klinik Xəstəxanasına yerləşdiriblər. Xəstəxanaya çatan kimi baş həkim professor Maqsud Qasımovla görüşdük. Professor dedi ki, tibbi ləvazimatlar sarıdan köməyə ehtiyac var. Rəhbərlik etdiyim Alman-Azərbaycan Cəmiyyətinin ofisindəki tibbi ləvazimatları, dava-dərmanları dərhal xəstəxanaya çatdırdıq.
Həmin ağır günlərdə yeganə sevindirici hadisə oğlum Fərhadın dünyaya gəlməsi idi. Baş həkim Maqsud Qasımov göstərdiyimiz yardıma görə təşəkkürünü bildirib oğlumun dünyaya gəlməsi münasibəti ilə məni təbrik etməyi də unutmadı və “Fərhad böyüyəndə ona atasının humanist addımını danışarıq” – dedi.
Aradan uzun zaman keçsə də Cavad Heyətlə görüşlərimi, Amerikada yaşayan qardaşı oğlu Robert Bağır Heyətlə həyata keçirdiyimiz birgə layihələri unuda bilmirəm. Ömrünün son illərini Bakıda keçirən professor Cavad Heyyət həm dostlarının, həm də qohumlarının əhatəsində olmağından məmnun idi. Məmnun idi ona görə ki, o, həm də cəmiyyətdə hörmətlə tanınır və qarşılanırdı. Xalq şairi Söhrab Tahirin bu sözləri sanki Cavad Heyətə ithaf olunub:
Yaxşı olma, yaxşılıqdan ötəri,
Yaxşılıq et, qoy olmasın xəbəri.
Ək, dünyada birə yüzdür səməri,
Qızıl taxıl dənəsidir yaxşılıq!
Kimə versən dönəsidir yaxşılıq!
Çingiz Abdullayev
Alman-Azərbaycan Cəmiyyətinin sədri,
Professor

