ABŞ prezidenti Donald Tramp bazar günü Ukrayna prezidenti Vladimir Zelenski ilə gözlənilən görüşündən əvvəl açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp "Politico"ya verdiyi müsahibədə Zelenskinin təqdim etdiyi 20 maddəlik sülh planına toxunaraq deyib: "Mənim təsdiqim olmadan onun heç bir şeyi yoxdur".
Rusiya Prezidenti Vladimir Putinlə görüşmək ehtimalı ilə bağlı Tramp bildirib ki, "Düşünürəm ki, onunla işlər yaxşı gedəcək. İstədiyim qədər tez onunla görüşməyi gözləyirəm".
Rusiya iqtisadiyyatına toxunan Tramp deyib: "Onların iqtisadiyyatı çox çətin vəziyyətdədir".
Görüşdən əvvəl Axios-a verdiyi müsahibədə Zelenski sülh planının ən mübahisəli aspektlərindən biri olan ərazi bütövlüyü məsələsinə toxunub. O bildirib ki, ərazi güzəştləri ilə bağlı çətin bir qərar qəbul etmək lazım gələrsə, məsələ 20 maddəlik planla birlikdə referenduma çıxarıla bilər.
Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən insanların səsverməyə getməyə biləcəyini qeyd edən Zelenski, referendumun qanuni olması üçün iki aylıq atəşkəsin lazım olduğunu vurğuladı.
Aytən Yaşar/ Turkustan.az