Əsri çiyinlərində daşıyan sənətkar - Ordubadi


Aynur Turan

(əvvəli BU LİNKDƏ)

Həmin dövrdəki toqquşmalarla əlaqədar xeyli sənəd və materiallar araşdırılsa da, Məmməd Səid Ordubadinin hadisələrin izi ilə yaratdığı “Qanlı illər” əsəri həm tədqiqatdan, həm də geniş oxucu audotoriyasından demək olar ki, kənarda qalmışdı. Materiallar toplandı, kitab yazılıb qurtardı. Lakin onun nəşrini yeni çətinliklər gözləyirdi. Əsəri çapa vermək üçün vəsait yox idi, var-dövlət sahibləri isə bu gözəl təşəbbüsdən boyun qaçırırdılar. “Qanlı illər” əsəri yalnız 1911-ci ildə Bakı kapitalisti Murtuza Muxtarovun maddi köməyi ilə nəşr olunub yayıla bildi. Əsərdə müəyyən hissələrdə erməni zülmü bariz şəkildə görünməkdə idi. “Küçələrdə qan tökən ermənilər ələ keçən əlsiz-ayaqsız müsəlmanları qırıb tökməkdə idilər.”

Məmməd Səid Ordubadi ensiklopedik bilik sahibi idi. Ona görə də onun yaradıcılığının mühüm qollarından birini də elmi-publisist məqalələri və elmi əsərləri təşkil edir. Ədibin yaradıcılığı milli mədəniyyətimizi zənginləşməsində, onun inkişafında müsbət rol oynamışdır. Xüsusən qüdrətli sənətkar tarixi romanları ilə ədəbiyyatımızda böyük ənənə yaratmışdır. Məmməd Səid Ordubadi xalqın inkişafı, ölkəsinin dirçəlişi yolunda qəfləti əsas seçmiş, cəhalətdən xilas olmaq üçün ağıla, idraka, elmə, maarifə əsaslanmağı önə çəkmişdir. Onun əsərlərində vətənpərvərlik ruhu yüksək ideya-bədi keyfiyyətlərə malik olan and miqyasında marş kimi səslənir.

Başdan keçib ölməklə Vətən qədrini bilmək,

Ölmək deyil, əlbəttə, odur bir də dirilmək.

Bu tərz ilə düşmənlər ayağında əzilmək,

Tarixdə müstəqbəl üçün ibrət edilmək.

Ölmək budu, bişəkk, əgər olsan da səlamət,

İnsanlara fərz olmalıdır qeyrəti-millət!

... Yatdıq nə qədər naz ilə, şimdisə ayrılmaq,

Başdan keçib, heysiyyəti-milliyə qazanmaq.

Can ilə təlaş eyləyibən qana boyanmaq,

Bir əmri-müqəddəsdi Vətən qeydinə qalmaq.

Qoy qanını töksünlər, qıl isbati-şəhadət,

İnsanlara fərz olmalıdır qeyrəti-millət!

Məmməd Səid Ordubadi “Molla Nəsrəddin” jurnalında və XX əsrin əvvəllərində çap olunan digər mətbuat orqanlarında təxminən dörd mindən çox şeir və felyeton çap etdirmişdir. O, böyük demokrat yazıçı Mirzə Cəlilin başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin, bu böyük sənət cəbhəsinin ən görkəmli və və fəal üzvlərindən biri idi. Məmməd Səid Ordubadi ardıcıl olaraq, axıradək “Molla Nəsrəddin” jurnalında yaxından iştirak etmiş, mollanəsrəddinçi realist-satirik ədəbiyyatın, sənətdə tənqidi-realist düşüncənin inkişafı sahəsində böyük xidmətlər göstərmişdir. “Biz ona xatircəm idik və bilirdik ki, bu məcmuə yaşayacaqdır”-deyən Məmməd Səid Ordubadi “Molla Nəsrəddin” məktəbi zəmnində yetişib formalaşmış, lakin Azərbaycan romançılığı sahəsindəki xidmətləri ilə ədəbiyyatda böyük şöhrət qazanmışdır. Bununla belə, “Qəflət”, “Vətən və hürriyyət” kitablarındakı vətənpərvərlik ruhunda yazılmış şeirlər geniş mənada Məmməd Səid Ordubadinin böyük ədəbiyyata gəlişinin ilkin qüvvətli ədəbi tezisləri kimi mühüm əhəmiyyət kəsb edir.

: Məmməd Səid Ordubadinin şəxsi həyatı bir o qədər də uğurlu olmamışdır. Sürgün illərində hər iki valideynlərini itirən Taisiya adlı gənc bir qızla ailə qurmuş, Şəfiqə adlı bir qızları dünyaya gəlsə də, bələkdə ikən ölmüşdü. Sonra onların Maqsud adlı bir oğlu olur. Maqsud da atasının ölümündən iki il sonra (1952) 32 yaşında dünyasını dəyişir. Məmməd Səid Ordubadi həyat yoldaşını “Nura” deyə çağırarmış. Ədibin şirinli-acılı günlərinin şahidi olan qadın səmimiyyətli, xeyirxahlığı ilə bu gün də xoş xatirələrlə yad edilir. Məmməd Səid Ordubadinin simasında öz xalqına və bütün qabaqcıl bəşəriyyətə xidmət etməyin parlaq nümunəsini görürük. Onun həyat və yaradıcılığı göstərir ki, öz istedadını inqilab işinə həsr edən əsl yazıçı gələcək nəsillərin xatirəsində əbədi yaşayır. Vətənə, xalqımızın sarsılmaz, qranit birliyinə möhtəşəm himn kimi səslənən, “min arzu, min xəyal, min dadlı istək” dən yaranan Məmməd Səid Ordubadi sənəti həmişə rayihəli qalacaqdır.

Məmməd Səid Ordubadi uzun sürən xəstəlikdən 1950-ci ilin 1 mayında Bakıda dünyasını dəyişmiş, və Fəxri xiyabanda dəfn olunmuşdur. Dövlətimiz sənətkarın ədəbi-içtimai fəaliyyətini yüksək qiymətləndirərək onu orden və şərəf nişanı və medallarla təltif etmişdir. Ədəbiyyat və incəsənət sahəsindəki görkəmli xidmətlərinə görə ədibə Əməkdar incəsənət xadimi adı verilmiş, o, zəhmətkeşlər tərəfindən Azərbaycan Ali Sovetinə ilk seçkilər zamanı (1937) Ordubaddan bir neçə dəfə deputat seçilmiş, mətbuat və dövlət qulluğu sahələrində geniş içtimai iş aparmışdır. Xalqımız böyük ədibin xatirəsini əbədiləşdirmək üçün bir sıra mədəniyyət ocaqlarına Ordubadinin adını vermişdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ