Dos. Dr. Faiq Ələkbərli
II YAZI
Heyran xanımın düşüncələrindəki Tanrı ilə “Yar”ı, utopik və gerçək anlamda dərk edib, hər iki anlayışın mahiyyətində bir bütünlüyü görmək zəruridir. Çünki obyektiv aləmdəki bir “Yar”ın, yəni Məcnun, Fərhad, Xosrov sifətindəki sevgilinin varlığı, yeganə Yaradanın varlığının arxa planda qalması demək deyil. Bəlkə, əksinə hesab etmək olar ki, obyektiv aləmdəki “Yar”ı arzulamaq, üstəlik bunun üçün obyektiv, ya da qeyri-obyektiv aləmlərin sahibi olan Yaradandan yardım diləmək özü də bir üsuldur. R.Qasımova yazır: “Bütün yaradıcılığı boyu sevgilisinin vüsalına nail olmayan, həyat qədər şirin, dünya qədər gözəl sevgilisinin ömrünün axrına kimi həsrətini çəkməyə məcbur olan aşiq – Heyran xanımın son çarəsi Tanrıdan kömək diləməkdir. Beləliklə, şairə bəzən məhbbət haqqında duyğu və düşüncələrini mistik rəngə boyayır ki, bu bir tərəfdən onu əhatə edən dövrdən, digər tərəfdən özünün uğursuz və nakam eşqindən irəli gəlir”.
Hesab etsək ki, Tanrı obyektiv aləmdəki Aşiqlə Məşqun qovuşmasının, - istər ruhi, istərsə maddi anlamda olsun, əsas səbəbkarıdır, o zaman bu qovuşmanın sonunda Tanrının özüylə bir bütünləşmə olaraq da anlamaq olar. Əgər Tanrı obyektiv aləmdəki iki sevgilinin maddi anlamda qovuşmasından deyil, ancaq ruhi bütünlüyündən yanadırsa, bunun da bir anlamı olsun gərək. Ola bilsin ki, Heyran Xanım kimi “Yar”dan yazıb onun vüsalından bəhs edənlər, həmin “Yar”ı iki anlamda dərk ediblər. Başqa sözlə, “Yar” anlayışını birmənalı şəkildə ilahiləşdirmək qədər, bu məfhumu sırf cismani anlamaqda irəli sürmək də doğru deyildir. Bizcə, ən doğru olanı maddi və mənəvi “Yar”ın bütünlüyünü başa düşməkdir. Heyran Xanım yazır:
Ya Rəb, kərəm et, ol büti-mehparə qayıtsın,
Bir rəhm eləsin, bu dili-bimarə, qayıtsın.
Bu dil ki, ona mənzil idi, oldu xərabə,
Əzm etsə əgər yar, dəxi harə qayıtsın?
Şanə çəkibən çin-çin elə, sal uzə zülfün,
Qüllab kimi ucları rüxsarə qayıtsın.
Mürqi-dili-zarim genə avarə qalıbdır,
Zülfün xəmin aç, ta ki, bu avarə qayıtsın.
Bu şeirində şairənin anlatmaq istədiyi “Yar”ın cismanilikdən xeyli dərəcədə uzaqlaşıb ruhi, mənəvi bir mahiyyət kəsb etdiyini görürük. Çünki yalnız mənəvi, ya da xəyalən arzulana “Yar” qüsursuzdur. Doğrudur, mənəvi ya da xəyalən arzulanan “Yar”ın da özünəməxsus “nazı”, “zalımlığı” var. Amma həmin “Yar”ın “zalımlığ”ı, “insafsız”lığı onun sevgisinin aliliyinə, paklığına xələl gətirmir. Əksinə, vüsal gününün dəyərini birə min qat artırır. Heyran xanım yazır:
Yarım, mənə eylə bir nəzarə,
Oldu ciyərim həzar parə.
Hicrində mənim həzin könülüm,
Şölə çəkibən tökər şərarə.
Bir ah çəkib fəğan edim mən,
Ta od düşə dəştü kuhisarə.
Can getdi sənin yolunda badə,
Ey dust, bu dərdə varmı çarə?
Leyli sən idin, seni sevənlər,
Məcnun kimi düşdü ruzigarə.
Çoxdur sənin aşiqin əgərçi,
Bir mən kimi yoxdu bəxti qarə.
Heyran! Gözü yolda qaldı, canan,
Qıl çarə bu dərdi-intizarə.
Heyran xanım bu şeirlərində, sadəcə “Yar”ına qovuşmağa can atan bir insandır. Ancaq şairə üçün əsas qurtuluş yolu “Yar”a qovuşmağa can atan cismani “Mən” deyil, ruhi “Mən”dir. Çünki cismani “Mən”dən fərqli olaraq mənəvi “Mən” heç bir əngəl tanımır. Heyran xanım yazır:
Əsiri-möhnəti-hicran mənəm, mən,
Qəribü zarü sərgərdan mənəm, mən.
O gülzari-vüsalindən uzaqda,
Çü bülbül ruzü şəb nalan mənəm, mən.
Nə mənzil, nə məkan, nə xaniman var,
Cahanda xəstəyi-dövran mənəm, mən.
Sənin hicrin ilə, bu şəmsi-taban,
Bulud tək daima giryan mənəm, mən.
Bu məclisdə olub pərvanə misli,
O nari-eşqilə suzan mənəm, mən.
Əsiri-zülfün içrə yox mənim tək,
Sədaqəllə sənə qurban mənəm, mən.
Qanıma təşnəsən sən ey sitəmkar,
Üzünə valehü Heyran mənəm, mən.
“Sənin” şeirində də insani sevgini ilahiləşdirən Heyran xanıma görə, ülvi eşqlər göylə bağlıdır və sonsuzdur:
Görsə Ay, ya ki, Günəş nur-i cəmalini sənin,
Sovurar öz başına xak-i məhalini sənin.
Saydı əsillər o gül çöhrəni qəlb ayinəsi,
Qiblə etdi ürəfa ebr-i hilalini sənin.
Harut öz sehrini yaddan çıxarar, görsə əgər,
O gözəl gözlərini, seyr-ü vüsalini sənin.
Dirilik çesməsidir sözlərin ariflər üçün,
Daha üstün sayır onlar ləb-i alini sənin.
Tutmaga can quşunu tor ilə dən lazımdır,
Dedilər tor saçını, dən isə xalini senin.
Xızır tək ölməz olar bağrına kim bassa yəqin,
O gül əndamını bir də pər-ü balini senin.
Tanrı odla çiçəyi yan yana xəlq etmiş ki,
Derdli Heyran ətrindən duya halini sənin.
Şairə öz düşüncələrində saf, ülvi yol tutsa da, yenə də özünü haradasa suçlayır, dindən kənara çıxmasından ehtiyat edir. Tanınmış mütəfəkkir Mirzə İbrahimov yazır: “Yaşadığı dövrün zehniyyəti və şüuru Heyran xanımın qəzəllərində əks olunmuşdur. Onun əsərlərindəki fəlsəfi ruh və məna dolğunluğu da buradan doğur. Onun ənənəvi Şərq şeiri üslubunda yazılmış qəzəlləri mövzu etibari ilə klassik ədəbiyyatın çərçivəsindən kənara çıxmayıb, “əzəli və əbədi məhəbbəti” tərənnüm etsə də, öz ruhu, ifadə tərzi və hissiyyatı etibari ilə realist əsərlərdir”. Heyran xanım bir şeirində romantika ilə reazlim arasında belə “körpü” yaradaraq yazırdı:
Yetişib müjdeyi-canbəxş ki, canan gəliri
Canibi-gülşənə ol sərvi-xuraman gəliri.
Ayrılıq dərdi məni saldı ayaqdan, yarım-
Etməyə bu dili-pürdərdimə dərman, gəliri.
Əsibən badi-səba zülfi-siyahin dağıdıb,
Mehr tek mah üzü oldu dirəxşan, gəliri.
Qaməti sərvi-səhi, zülfı kəməndi-dilü can!
Üzü gül, qaşı kaman, kirpiyi peykan gəliri.
Vilayət Quliyev hesab edir ki, Məhsəti Gəncəvidən sonra Heyran xanım Azərbaycan poeziyası tarixində ikinci professional qadın şairdir: “Təsadüfi deyildir ki, bu iki görkəmli qadın şairənin həyatında, taleyində də bir sıra oxşar cəhətlər nəzərə çarpır. Heyran xanım öz mübarizliyində, üsyankarlığında Məhsəti səviyyəsinə yüksələ bilməsə də, öz böyük sələfinin poetik ənənələrini yeni, daha çətin və ziddiyyətli şəraitdə ləyaqətlə davam etdirmişdi. Heyran xanım eyni zamanda azərbaycandilli poeziyanın Məhsətisi, Füzuli ədəbi məktəbinin, Füzuli ənənə- lərinin ən layiqli davamçılarından biri idi”.
Heyran xanımın bu yüksək mərtəbəyə çatmasını, yəni Füzuli ənənəsinin layiqli davamçısı olmasını hər bir şeiri, qəzəli də təsdiq etmiş olur. Məsələn, o bir qəzəlində ali bir sevgiyə qovuşmaq üçün Yaradandan yardım diləyir. O, yazırdı:
Ey fələk, dərdü qəmim şərhini cananə yetir,
Səbt qıl mülk xəracini, o sultanə yetir.
Daha yox tabü tavan cismi-zəifimdə mənim
Ya ki al canımı, ya dərdimi dərmanə yetir.
Ruhpərvərdi ləbi vəqti-təbəssümdə, səba!
Ruhi bu təndən alıb, ol ləbi-xəndanə yetir.
Gördü ol zülfi könül, oldu pərişan əhval,
Bu pərişanlığımı zülfi-pərişanə yetir.
Zülfi ruyin eylədi məzhəbimi süst mənim,
Ya məni kafər elə, ya da ki imanə yetir.
Getdi ol Yusifi-məhru, gözüm ağlama az,
Xuni-nabi-ciyərin cəhd elə ümmanə yetir.
Bunca Heyrani-həzin, salma ayaqdan özüvü,
Gülşəni-canda bitən sərvi-xuramana yetir.
Heyran xanımın “Yar”a olan sevgisinin bəzən dünyəvi, bəzən də məcazi xarakter daşıdığı sirr deyil. Məsələn, o bir şeirində yazırdı ki, “Yar” üçün canını fəda edəndə əslində Ondan başqa “Yar” yox imiş. Bəs, bu “Yar” necə “Yar”dır ki, Onun məcazi, ya da dünyəvi olması, bu aləmdə, ya da başqa aləmdə olması bəlli deyil. Heyran xanım yazır:
Fəda olanda sənə mən, cahanda can yox idi,
Əsri-hüsnün olan dəmdə bu cahan yox idi.
O gün ki, eşqinə uydum, yox idi xar ilə gül,
Yox idi, bülbüli-şeyda, nə bağiban yox idi.
Olanda vəslinə müştaq könül aləmdə,
Nə mınfəətdən əsər, nə xeyir, ziyan yox idi.
Məhəbbətin ürəyimdə duru o dəmdən ki,
Gecə-gündüzdən əlamət, sübut, nişan yox idi.
Könül quşum o zaman ki, vuruldu, düşdü tora,
Nə ki bu yer üzü, hətta o asiman yox idi.
Qamətin sərvini Heyran yuva edən dəmdə,
Nə bir avazeyi-bülbül, nə aşiyan yox idi.
Fikrimizcə, Heyran xanımın dünyəvi “Yar”la məcazi “Yar” arasında gedib gəlməsi təsadüfi deyil. Çünki hər iki “Yar” sonunda eynidir, bir bütündür.
Göründüyü kimi, Heyran xanım düşüncələrində öz dövrünün şərtləri altında bəzən şiə imamiliyinə meyil etsə də, ancaq bununla qapanıb qalmamışdır. Hər halda Heyran Xanımın şeirlərindəki “Yar”a olan sevgi həm azadlığın bir simvoludur. Yəni cismani olaraq bədən nə qədər qeyri-azaddırsa, ruhi halda isə bir o qədər azaddır. Əslində daha çox vacib olan da ruhun köləliyinə son qoymaqdır. Bizcə, Heyran xanımın dünyagörüşündə ruhi azadlıq ön planda olub, hətta cismani azadlığa doğruda xeyli dərəcədə can atmışdır. Bu anlamda Heyran xanımın fəlsəfi təfəkkürü kifayət qədər yetkin olmuş, dünyanın maddi və mənəvi problemlərinə işıq tutmağa çalışmışdır.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur