İsrail naziri: Trampa “yox” deyə bilməyən şəxs baş nazir olmamalıdır


İsrailin maliyyə naziri və Təhlükəsizlik Kabinetinin üzvü Naftali Bennett ABŞ Prezidenti Donald Trampla münasibətlər və ölkənin təhlükəsizlik siyasəti ilə bağlı diqqətçəkən açıqlama verib.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun radiosuna danışan nazir ABŞ-ın İsraildən Livanın cənubunda və ətraf ərazilərdə yaratdığı təhlükəsizlik zonasından çıxmağı tələb edəcəyi təqdirdə hökumətin necə davranacağı ilə bağlı sualı cavablandırıb.

Onun sözlərinə görə, İsrailin milli təhlükəsizliyi ilə bağlı məsələlərdə ölkə rəhbərliyi müstəqil qərar verməyi bacarmalıdır.

“İsrail baş nazirindən gözlənilən əsas xüsusiyyətlərdən biri odur ki, lazım gəldikdə, hətta dünyanın ən güclü dövlətinin dost prezidenti qarşısında belə, ‘yox’ deməyi bacarsın. Xüsusilə də söhbət təhlükəsizliyimizin əsas məsələlərindən gedirsə”, – deyə, nazir bildirib.

Nazirin açıqlaması İsraildə Baş nazir Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın mövqeyindən kənara çıxmamaqla bağlı tənqidlərin artdığı bir dövrə təsadüf edir.

Son günlər ölkədə Vaşinqtonla münasibətlər, regional təhlükəsizlik siyasəti və İsrailin strateji qərarlarında müstəqillik məsələləri siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ