Livan Prezidenti Cozef Aun ölkəsinin əsas məqsədinin bütün ərazisi üzərində tam suverenliyi bərpa etmək olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, Aun Vaşinqtonda keçirilən Livan–ABŞ–İsrail danışıqlarından sonra məsləhətçi qrupun üzvləri və Livan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Rudolf Heykalın iştirakı ilə keçirilən iclasa rəhbərlik edib.
Görüş zamanı Livanın diplomatik və hərbi nümayəndə heyətlərinin danışıqların beşinci raundu çərçivəsində apardıqları təmaslar və müzakirələr nəzərdən keçirilib.
Prezident Aun bildirib ki, son hadisələr dialoq və danışıqlar yolunun effektivliyini bir daha təsdiqləyib.
“Danışıqlar milli məqsədlərə nail olmaq və bütün hüquqların bərpası üçün beynəlxalq səviyyədə qəbul olunmuş yeganə yoldur”, – deyə o vurğulayıb.
Aun qeyd edib ki, tərəflər hazırda danışıqların yeni mərhələsinə qədəm qoyublar və yaxın günlərdə mühüm nəticələrin əldə olunacağına ümid edirlər.
Aytən Yaşar/ Turkustan.az