İsrailin keçmiş baş naziri Naftali Bennett ölkəsinin İran daxilində internet əlaqəsinin davamlılığını təmin etmək məqsədilə gizli proqram üzərində çalışdığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, 2021–2022-ci illərdə baş nazir vəzifəsini icra etmiş Bennett Yerusəlimdə keçirilən JNS Beynəlxalq Siyasət Sammitində çıxışı zamanı bildirib ki, onun hökuməti etirazçılar üçün internetə çıxışı təmin etmək məqsədilə on minlərlə Starlink qəbuledicisinin əldə olunması və gizli yollarla İrana çatdırılması təşəbbüsünə başlayıb.
Starlink Elon Maskın sahibi olduğu SpaceX şirkəti tərəfindən idarə olunan peyk internet xidmətidir. İran rəsmiləri daha əvvəl İsrail və ABŞ-ı bu cihazları ölkəyə qanunsuz yollarla gətirməklə təhlükəsizliyə təhdid yaratmaqda ittiham etmişdilər. Xidmətin İranda rəsmi fəaliyyəti üçün lisenziyası olmasa da, Mask əvvəllər Starlink-in ölkədə aktiv olduğunu bildirmişdi.
Bennettin sözlərinə görə, layihənin əsas məqsədi etirazçılar arasında rabitəni gücləndirmək və onların fəaliyyətlərini koordinasiya etmələrinə imkan yaratmaq olub.
Keçmiş baş nazir bildirib ki, yaradılması planlaşdırılan infrastruktur etiraz aksiyalarının təşkilində mühüm rol oynaya bilərdi.
Bennett çıxışında hazırkı İsrail hökumətini də tənqid edib. Onun sözlərinə görə, layihə sonradan davam etdirilməyib və planlaşdırılan infrastruktur tam şəkildə qurulmayıb.“Təəssüf ki, hazırkı hökumət bu prosesi davam etdirmədi. Etirazlar başlayanda həmin infrastruktur hazır vəziyyətdə deyildi”, – deyə Bennett bildirib.
Keçmiş baş nazir hesab edir ki, layihənin tamamlanmaması İran daxilində hökumət əleyhinə etirazçıların kommunikasiya imkanlarını məhdudlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az