Azərbaycanda çox sevgilinin törətdiyi xəstəlik: Min manat lazımdır ki...


Son zamanlar Azərbaycanda insan papilloma virusuna (İPV) yoluxanların sayı çoxalıb.

İnsan papilloma virusu– İPV (HPV – Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur.

Turkustan.az xəbər verir ki, ginekoloqlar qadınları virusa qarşı peyvənd olunmağa çağırıb. HPV virusu haqqında ginekoloq Rəşad Sultan "Cebhe.info"-ya açıqlamasında bildirib ki, HPV virusuna yoluxanların sayında artım olmasıyla bağlı deyilənlərdə bir tərəfdən həqiqət var, digər bir tərəfdən bu, nisbi artımdır:

"Son zamanlar insanlarımız həssaslaşıblar. Bütün dünyada da tibb elmində həkimlər arasında bu məsələyə diqqət artıb. Yəni araşdırma, skrininq və diaqnostika artığına görə biz HPV-ə yoluxma sayını artmış kimi görürük. Əvvəllər biz bu virusa əhəmiyyət vermirdik, hər qadını yoxlamırdıq. Amma indi bütün qadınlara heç bir şikayətləri olmasa belə, skrininq metodu kimi uşaqlıq boynundan virus üçün analiz (yaxma) götürülməsini təklif edirik.

Bu yaxma götürülür, araşdırma aparılır, heç bir şikayəti olmayan və yaxud digər səbəblərdən müayinəyə gələn qadınlarda da bu virusu aşkar edə bilirik. Bunun sayəsində də belə bir təəssürat yaranır ki, virusda yayılma var. Lakin məntiqi cəhətdən də düşünsək, virusun yayılmasındakı artım ağlabatandır. Çünki bu virus cinsi yolla keçir. Günümüzün reallığıdır ki, çoxsaylı cinsi partnyor məsələsi bu gün artıb. İnkişaf edən dünya, cinsi məhdudiyyətlərin aradan qaldırılması, yəni sosial məsələlər partnyorların artmasına gətirib çıxarır. Bu da papilloma virusuna yoluxmanın və artmasıının birinci yoludur. Ona görə də virusa yoluxmada həm nisbi, həm də mütləq artım var".

Ginekoloq qeyd edib ki, bakirə qızlarda da papilloma virusuna rast gəlmək olar:

"Çünki papilloma virusunun keçməsi üçün vaginal penetrasiya, tam cinsi əlaqə şərt deyil. Hər nə qədər uşaqlıq boynuna yoluxma ehtimalı azalsa da, xarici cinsiyyət üzvlərində də bu virus infeksiya yarada bilir.

Virusun özəlliyi budur ki, kəskin infeksiya törətmir, daşıyıcılıq çox yayılır. Yəni bir insanda ziyil yoxdursa, bu, o demək deyil ki, həmin insanda virus yoxdur. Demək olar ki, aktiv cinsi həyatı olan qadın və kişilər həyatları boyunca bu virusa yoluxa bilərlər. Çox insanda heç bir problem törətmir, insan daşıyıcı olaraq qalır. İmmunitet sayəsində 6 ayda bədəndən təmizlənə, lakin illərlə bədəndə qala da bilir. Bu virus çox vaxt bədəndə gizli qalır və heç bir müalicəsi yoxdur. Ancaq immunitet sayəsində bədəndən nisbətən təmizlənə bilir. Virusun müəyyən növləri uşaqlıq boynu xərçənginə səbəb ola bilər, digər növləri də xarici cinsiyyət orqanlarında ziyillərə səbəb ola bilir".

O, virusdan qorunma məsələsinə də toxunub və əlavə edib ki, virusa yoluxmanın qarşısını almaq üçün daha az cinsi partnyor, monoqamiya və kondomlardan istidadə əsasdır:

"Kondomlar tam qorumasa da, uşaqlıq boynuna virusun yoluxmanın qarşısını ala bilir. Günümüzdə HPV-ə qarşı peyvənd var və ÜST tərəfindən tövsiyə olunur. Bu peyvənd virusun bütün növlərindən və fəsadlarından qoruyur.

Peyvəndlənmə dövlət səviyyəsində aparılmalıdır, bu dünya səhiyyəsində ən stratejik nöqtədir. Virus bədənə daxil olubsa, xərçəng törədəcəyi müddətdə toxumada baş verən dəyişiklikləri aşkarlayıb müalicə edə bilərik. Ona görə də təkcə virusu yox, o dəyişikliyi də müəyyən etmək üçün Pap test deyilən başqa bir yaxma da almaq lazımdır. Qadınlar ildə bir dəfə yoxlanaraq bu testi verməlidir.

Çünki bu, virusun törətdiyi fəsadlardan, ön önəmlisi xərçəngə yoluxmaqdan qoruyur".

Xatırladaq ki, HPV peyvəndi həm qızlara, həm də oğlanlara 11-12 yaşdan başlayaraq tətbiq edilə bilər. Avstraliya, Kanada, Norveç, Portuqaliya, Finlandiya, Danimarka kimi ölkələrdə məktəblər peyvəndi pulsuz həyata keçirir. 2019-cu ildən Azərbaycanda Milli Onkologiya Mərkəzində də İPV-yə qarşı vaksin tətbiq olunmağa başlanıb. Lakin ölkədə HPV-ə qarşı peyvənd milli peyvənd təqviminə əlavə edilməyib deyə, ödənişlidir. 3 dozadan ibarət olan peyvəndin ümumi qiyməti 1000 manata yaxındır. Lakin bu məbləği ödəməyə maddi imkanı çatmayan insanlar da var. Bununla bağlı bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, İPV-ə qarşı vaksinin milli peyvənd təqviminə əlavə edilməsi gələcəkdə nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ