Daha bir ölümcül xəstəlik: Müalicəsi yoxdur


ABŞ-də maral zombi xəstəliyi kimi tanınan nadir prion xəstəliyinə insanların yoluxması ilə bağlı şübhəli hallar üzə çıxıb.

Turkustan.az xəbər verir ki, bir qrup ABŞ tibb mütəxəssisi və tədqiqatçısının araşdırmasının nəticələri “Neurology” jurnalında dərc olunub.

Prion xəstəlikləri sinir sistemində prion zülallarının səhv qatlanması nəticəsində yaranır. Bu xəstəliklər hazırda sağalmazdır və yoluxmuş şəxsi öldrür.

Xəstəlik bir molekulun səhv qatlanması ilə başlayır və bu, digər oxşar zülallara təsir edərək, onların eyni şəkildə yanlış qatlanmasına səbəb olur.

Tədqiqat zamanı 72 yaşlı kişi San Antoniodakı Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinə qəbul edilib. O, çaşqınlıq və emosional problemlər yaşadığını bildirib. Vaxt keçdikcə o, digər simptomları, o cümlədən qıcolmaları hiss etməyə başlayıb və xəstəyə Kreutzfeldt-Yakob xəstəliyi (dəli dana xəstəliyinə bənzər-red.) diaqnozu qoyulub. Eyni zamanda, xəstəxanaya eyni simptomlarla daha bir xəstə daxil olub. Mütəxəssislər onlar arasında əlaqəni müəyyən ediblər: xəstələr bir-birini tanıyırdılar, yerli maral ovçuları idilər və maral əti yeyirdilər.

Tədqiqatçılar hər iki xəstənin xroniki arıqlama xəstəliyinə yoluxan marallarla təmasda olduğunu, prionların bir növdən digərinə ötürülməsi ehtimalını irəli sürürlər.

Bununla belə, müəlliflər qeyd edirlər ki, hazırda prionların növlərarası ötürülməsinə dair inandırıcı dəlil yoxdur. Marallarda xroniki arıqlama xəstəliyini eyni bölgədəki Creutzfeldt-Jakob xəstəliyinin sporadik halları ilə əlaqələndirmək üçün daha çox araşdırmaya ehtiyac var. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ