Son illərdə qidalanma ilə bağlı aparılan elmi araşdırmalar ciddi müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Harvard University və Duke University alimlərinin birgə tədqiqatına əsasən, ultraemal olunmuş qidalar – xüsusilə fast-food məhsulları – asılılıq yaradan mexanizmlə hazırlanır və təsir baxımından nikotinlə müqayisə oluna bilər.
Araşdırma müəllifləri bildirirlər ki, bu məhsulların tərkibində yüksək miqdarda şəkər, doymuş yağ və müxtəlif kimyəvi qatqılar var. Məhz bu kombinasiya beyində güclü dopamin ifrazına səbəb olur. Nəticədə insan həmin qidaları yenidən və daha çox istehlak etməyə meyllənir.
Alimlər qeyd edirlər ki, yaranan neyrobioloji reaksiya nikotinin yaratdığı effektə bənzəyir. Bu isə qida asılılığı anlayışını daha da aktuallaşdırır.
Tədqiqatın nəticələrinə görə, ultraemal olunmuş məhsulların yüksək istehlakı ürək-damar xəstəlikləri, 2-ci tip diabet və piylənmə riskini artırır. Bundan əlavə, bəzi elmi müşahidələr belə qidalanma modelini müəyyən onkoloji xəstəliklərlə də əlaqələndirir.
Mütəxəssislər birbaşa “burger siqaretdən daha təhlükəlidir” hökmü verməsələr də, vurğulayırlar ki, bu tip qidaların geniş yayılması ictimai sağlamlıq üçün ən azı siqaret qədər ciddi risk yarada bilər.
Ekspertlər rasionda təbii və az emal olunmuş məhsullara üstünlük verilməsini, şəkər və doymuş yağ istehlakının azaldılmasını tövsiyə edirlər. /Musavat.com/