Son dövrlər dərmandan zəhərlənmə hallarında ciddi artım müşahidə olunur.
Bu cür hadisələr cəmiyyətdə narahatlıq yaradıb, artıq insanların dərmanlara olan etibarı sarsılıb. Problemin aktuallığını bir daha gündəmə gətirən hadisə isə bu gün Yasamal rayonunda baş verib. 1960-cı il təvəllüdlü Asif Bəhmən oğlu Allahverdiyev yaşadığı mənzildə qəbul etdiyi dərmandan zəhərlənərək həyatını itirib.
Rəsmi statitikaya əsasən, bu ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 275 nəfər müraciət edib və həkimlərin səylərinə baxmayaraq, 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Dərmandan zəhərlənmə halları niyə artıb?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev bildirib ki, belə hallar son vaxtlar olduqca artıb:
“Dərman zəhərlənmələrində istifadə olunan dərmanın dozası normadan artıq ola bilər. Həkim məsləhəti olmadan dərman qəbul edən vətəndaşlar bəzən dərmanın dozasını düzgün müəyyən edə bilmirlər. Qaraciyər xəstəliyi olan, allergik xəstəliklərdən əziyyət çəkən insanlar həkimsiz dərman qəbul etdikdə bu cür hallar baş verə bilər.
Dərman zəhərlənmələri bəzi hallarda dərmanın istifadə müddətinin keçməsi səbəbindən də yarana bilər. Elə hallar da olur ki, dərmanın adı eyni olur, lakin tərkibində müxtəlif dəyişikliklər aparılıb.
Yəni biz dərmanlarımızı özümüz istehsal etmədiyimiz müddətdə belə hallarla rastlaşa bilərik. Bəzən bilərəkdən ölkəyə yararsız dərman gətirən, dərmanların tərkibini dəyişən insanlar da olur”.
O qeyd edib ki, həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz:
“Ölkədə elə bir sistem olmalıdır ki, reseptsiz dərman verilməsin. Bəzi insanlar “filankəs bu dərmandan istifadə edib, yaxşı təsir edib” deyərək dərmanın yaxşı və ya pis olmasını həkim kimi müəyyən edirlər. Halbuki hər kəsin orqanizmi fərqlidir və dərmanlar hər insana müxtəlif cür təsir edə bilər. Bu səbəbdən dərman istifadəsi zamanı mütləq həkimlə məsləhətləşmək lazımdır”.