Mehdiyevlə bağlı yeni qalmaqal - Bu dəfə müsavatçı alimlə Etibar Əliyev üz-üzə


Milli Məclisin sabiq deputatı Etibar Əliyev “MediaTürk TV”nin efirində ciddi ittihamlar səsləndirib. O, qeyd edib ki, uzun illər Azərbaycanda siyasi mövzularla bağlı elmi iş yazanlar birmənalı olaraq Ramiz Mehdiyevin kitablarıdan istinad etməliymiş. Bununla bağlı xüsusi göstərişlərin olduğunu dilə gətirən E. Əliyev bu sırada Əli Həsənovun da kitabları barədə göstərişlər olduğunu söyləyib.

Etibar Əliyev qeyd edib ki, hətta özünü qatı Müsavatçı kimi göstərən Bakı Dövlət Universitetinin professoru Sabir Məmmədli də öz elmi işində Ramiz Mehdiyevlə Əli Həsənovun yazılarına istinad edib.

Əslində çox ciddi və elm aləmi üçün düşündürücü mövzudur. Sabiq deputat bir müddət əvvəl saytımıza müsahibəsində Ramiz Mehdiyevlə Əli Həsənova istinad edilən elmi işlərin ləğvini təklif etmişdi.

Bəs Sabir Məmmədli necə, iradları qəbul edirmi?

Modern.az məsələ ilə bağlı Sabir Məmmədli ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında o, bildirib ki, Ramiz Mehdiyev də, Əli Həsənov da ona maraqlı deyil, onu elmi faktlar maraqlandırır:


“Əli Həsənovun xarici siyasətlə əlaqədar çox sayda kitabı var. 2005-ci ildən o, Prezident Adminstrasiyasında şöbə müdiri işləyib. Həsənov Prezident İlham Əliyevin dövründə də işləməsinə baxmayaraq, kitablarında Heydər Əliyev, Əbülfəz Elçibəy və hətta Ayaz Mütəllibovun hakimiyyət illərinə aid faktoloji məlumatlar yer alır. Bütün faktoloji məlumatlar onun əlində olub, o da dəqiq ifadə edib. Heydər Əliyevin bütün xarici səfərələrini, başqa ölkələrlə münasibətlərini işıqlandırıb. Faktlardan nə Əli Həsənov, nə Sabir Məmmədli, nə Etibar Əliyev, nə də başqaları qaça bilər. Faktlarla bağlı, əlbəttə, istinad etmişəm. Bu, elmi işdir. Heydər Əliyevin səfəri ilə əlaqədar olaraq, sözsüz, istinad verilib. Heç bir problem yoxdur, heç nədən də çəkinmirəm.

Üzr istəyirəm, Etibar Əliyev kimilər danışığını bilməyənlərdir. Mən 25 yaşımda Peterburqda fəlsəfə doktoru adını qazanıb, qırmızı diplomla Azərbaycana qayıtmışam. Elmin nə olduğunu hamıdan yaxşı bilirəm. Konkret faktlara, Heydər Əliyevin Fransa, Almaniya səfərləri ilə bağlı istinad etmişəm. YAP və ya müxalifət partiyasının nümayəndəsi olmasından asılı omayaraq, alim alimdir.

Alimin kitabı cəmiyyət tərəfindən geniş qəbul olunursa, burada heç bir problem görmürəm. Əli Həsənovun kitablarında Azərbaycanın xarici siyasətinə, müstəqillik dövrümüzə aid xeyli faktoqrafik material var. O cümlədən Əülfəz Elçibəyin Helsinki səfəri, ATƏT-lə əlaqəli işlər, ölkəmizin BMT-yə üzvlüyü, Minsk qrupunun yaradılması kimi məsələlər 1992-ci ildə baş verib. Bununla bağlı olaraq, orada Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hökumətin fəaliyyətinə geniş və faktlarla yer ayrılıb.

Sözsüz, istər Əli Həsənov, istərsə də Sabir Məmmədli yazsın, bu məlumatlar tarixi faktlardır və bunun üstündən keçmək olmaz. İstənilən şəxs bunlara müracit edə, istinad edə bilər”.

S.Məmmədli vurğuluyıb ki, heç kəs Ramiz Mehdiyev və Əli Həsənova istinad etməklə bağlı ona göstəriş verməyib: “Konkret olaraq, mənə belə bir təklif, söz deyilməyib, qətiyyən elə bir şey olmayıb. Elmi ədəbiyyatın təhlilini verəndə elmi əsərlərin hər birinin incəliklərinə toxunurlar. Bu da elmi işin birbaşa incəliyidir. Kim bunu bacarmırsa, qəbul edə bilmirsə, özündən qabaq alimlərin əsər və kitablarının üstündən xətt çəkirsə, düşünürəm ki, bu, onun elmi zəifliyidir”.


MANŞET XƏBƏRLƏRİ