Bakının son həmləsi belə olacaq - Eçmiədzin ətrafında əməliyyat planı...


Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşmələri zamanı ərazi mübadiləsi fonunda referendumun keçirilməsindən bəhs edib. Çox guman ki, erməni baş nazir anklavlarla bağlı məsələlərin həllini nəzərdə tutur. Bu, Gədəbəy, Naxçıvan, Qazax istiqamətlərində olan ərazilərə aydınlıq gətirilməsi iddiaları ilə bağlıdır.

Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, anklavlar gec-tez reallaşan məsələdir:

“Əsas problem bu deyil. Problem Ermənistanın qanunlarında Azərbaycan torpaqlarına iddianın olmasıdır. Əgər Ermənistan Konstitusiyası yenilənərsə, bu ölkə ilə gələcək münasibətlərdən danışmaq olar. Daxildə Paşinyana qarşı təzyiqlər güclənir. Bunun fonunda Azərbaycan ondan daxili qanunvericiliyi təmizləməsini gözləyir”.

Politoloq hesab edir ki, Azərbaycan Paşinyanın bəhanəsi ilə Ermənistanın daxili vəziyyətini nəzərə almaq fikrində deyil:

“Bakının səbri artıq tükənir. Əgər Ermənistan tez bir zamanda Azərbaycanın tələbləri və götürdüyü öhdəlikləri icra etməsə, ölkəmiz öz təhlükəsizliyini lazım olan istiqamətlərdə həll edəcək. Son zamanlar Naxçıvan istiqamətində atəşkəsin pozulması, Ermənistan daxilində müxalifətin Qarabağla bağlı iddiaları, separatçı Samvel Şahramanyanın yenidən özünü qondarma prezident adlandıraraq Paşinyana müracət etməsi də diqqətdən yayınmır. Bu onu göstərir ki, Paşinyan erməni cəmiyyətini ağıllandıra bilmədi. Bu cəmiyyətin ciddi şəkildə terapiyaya ehtiyacı var. Bu da Azərbaycan Ordusunun atacağı addımlarla bağlıdır”.

Zaur Məmmədova görə, erməni cəmiyyəti birdəfəlik referenduma gedib Azərbaycan torpaqlarına olan iddialarından əl çəkdiklərini bəyan etməlidir:

“Əks halda Eçmiədzin ətrafında olan torpaqlarda əgər bizim onlara yazığımız gəlsə, yaşayacaqlar. Görünən odur ki, erməni cəmiyyəti bundan başqa seçim yolu saxlamır”.


MANŞET XƏBƏRLƏRİ