"Xatirələr nə gözəldi, amma nədən?"


Son vaxtlar içimdə hədsiz bir narahatlıq var. Özümə yer tapa bilmirəm. Bu narahatlığın səbəbi özüm üçün də müəmmalıdır? Yoxsa, bu narahatlığı doğuran içimdə baş qaldıran, üsyan edən xatirələrdir? Sanki qəlbim xatirə dolu bir dənizdir. O dəniz ki, bəzən sakit görünür, bəzən ləpələnir, dalğalanır, bəzən coşur, təlatümə gəlir. Bəzən də sinəmdə arxayın yatan o xatirələr, duyğular içimdən tufanlar kimi keçir. Ləpələr sahilə yön alıb qayalara çırpılanda o yatmış xatirələr oyanır. Ləpələrin səsi aydınca eşidilir. Hiss olunur ki, bu səslər mənə tanışdır, bir zamankı yaşantılarımın xatirəsidir. Nəsə demək istəyir, ancaq bacarmır, yalnız coşmaqla anlatmağa çalışır. Bəs bu üsyan etməyinin səbəbi nədir? Məgər bilmir ki, o, bu qəlbin daimi sakinidir?! Xatirələrin yaxşısı, pisi olmur, əbədi xatirə olur. Hər dəfə o xatirələrə nəzər yetirdikcə, istər-istəməz ya sevinir, ya da kədərlənirsən. Bizi biz edən xatirədir. Bizim keçmişimiz xatirələrdən ibarətdir. Xatirə olmasa, həyat mənasız və boz rəngdə olar. Ömrü boyu unudulmayan anlar xatirəyə çevrilir. Və elə ömrü boyu da onu yada salır, o anların həsrətini çəkirik. Bəzi insanlar isə xatirələrdən qaçır, heç nəyi, heç bir anı yada salmaq istəmir. Ola bilsin, bu xatirələr onlara acı verir. Amma nə olursa-olsun bu silinməz anlar artıq tarixə çevrilir. Hər anımız gözəl xatirədir və bizim üçün dəyərlidir. İstər şirin olsun, istər acı... Xatirələrin ağuşunda uyumaqdan gözəl heç nə yoxdur.

Həyatda elə şirin xatirələr olur ki, onları acı xatirələri yada salmaqdan daha çətin olur insana. Pis, yaxşı, onlar mövcuddur, onlar var, onlar bizimlədir, onlar əbədidir, onlar silinməzdir. Onlar həyatımızın bir parçasıdır, ayrılmaz bir parçası.

Leyla Turan


MANŞET XƏBƏRLƏRİ