Sülhməramlılar Qarabağdan çıxır – Paytaxt bu şəhərə köçürülür?


Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk edir. Bu, Qarabağdan, xüsusən Xankəndidən sonuncu yad qüvvələrin də çıxarılması deməkdir.

Xankəndi Şuşaya yaxın olması və tarixi əhəmiyyəti baxımdan Azərbaycan üçün mühüm önəm daşıyır. Hətta zaman-zaman paytaxtın bu şəhərə köçürülməsi də gündəmə gəlib. Lakin müxtəlif səbəblər, o cümlədən sülhməramlıların ərazidə mövcudluğu, ermənilərin qayıtması ehtimalına görə bu versiya arxa plana atılırdı. Sülhməramlıların Azərbaycanı tərk etdiyini nəzərə alsaq, yaxın illərdə paytaxtın Xankəndiyə köçürülməsi mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi prosesi yenicə başlayıb:

“Düzdür, Bakı həddindən artıq yüklənib, amma Xankəndinin paytaxta çevrilməsi ilə bağlı fikirlərin gündəmə gəlməsi üçün tezdir. Bununla bağlı bir sıra faktorları saymaq olar. Xüsusən bu şəhərin yerləşdiyi coğrafi mövqe, burada daha əvvəl baş verən proseslər onun paytaxt olması ehtimalını azaldır. Doğrudur, Xankəndi daha da gözəlləşəcək, yenilənib inkişaf edəcək, amma paytaxtın sözügedən şəhərə köçürüləcəyini düşünmürəm”.

Faiq Ələkbərli xatırladıb ki, Ağdam şəhərinin paytaxta çevrilməsi istiqamətində ictimaiyyətdə müzakirələr gedir:

“Bir çox ölkələrdə strateji əhəmiyyətli mərkəzi şəhərlər yer dəyişə bilməz. Məsələn, Türkiyədə İstanbul, Ankara, Qazaxıstanda Almatı, Astana, Azərbaycanda Bakı və s.

Gələcəkdə Ağdamın paytaxt olması daha realdır. Ağdam siyasi və coğrafi anlamda böyük üstünlüyə malikdir. Xüsusilə Güney Azərbaycana yaxın olması, gələcəkdə oradakı azərbaycanlıların gediş-gəlişi üçün əlverişli mövqedə yerləşməsi bu şəhəri bir qədər önə çıxarır. Həmçinin bildiyiniz kimi, Ağdam mühüm ticarət mərkəzi olub. Yəni Ağdamın qaynar mühitə malik olmaq ənənəsi var. Bu baxımdan, fikrimcə, paytaxt olmağa daha uyğundur”.


MANŞET XƏBƏRLƏRİ