“Biz qayıdacağıq...” sənədli filmin təqdimatı keçirilib - FOTOLAR


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin "Qərbi Azərbaycanlı Qaziləri, Şəhid Ailələri və Veteranlarının İctimai Çağırışı - Biz Qayıdacağıq!" layihəsi çərçivəsində hazırlanmış sənədli filmin təqdimatı keçirilib.

Turkustan.az xəbər verir ki, təqdimat marəsimində Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış üçün söz alan "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" ictimai birliyinin sədri Bəhruz Məmmədzadə: “44 günlük Vətən Müharibəsində hamımız “Biz qarabağlıyıq” deyirdik, indi isə hamımız “Qərbi azərbaycanlıyıq” söyləyirik. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin təqdim etdiyi tarixi missiyada biz də öz birliyimizi daim göstərməliyik”, - deyə bildirib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva da fikirlərini bölüşərək, təqdim olunan sənədli filmin tarixi əhəmiyyətindən danışıb: “Hazırlanmış sənədli film bu gün və gələcək üçündür. Bu film ancaq Qərbi azərbaycanlılar yox, bizim hər birimiz üçün əhəmiyyətlidir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Qərbi Azərbaycan” ideyası üzərində işlərimiz davam edəcəkdir”.

O cümlədən, şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Vüqar İskəndərov, professor Firudin Cəlilov, fəlsəfə doktoru Pərviz Səmədov və psixoloq Rövşən Nəcəfov sözügedən film barədə çıxış ediblər.

Qeyd edək ki, sənədli filmin senari müəllifi və rejissoru Teymur Zahidoğludur.

Sənədli filmin linki: https://www.youtube.com/watch?v=8QrMMMqtVUA


MANŞET XƏBƏRLƏRİ