Prezidentin icra başçısı təyin etdiyi Firdovsi Əliyev kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Firdovsi Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Turkustan.az Samux Rayon İcra Hakimiyyətinin yeni başçısının dosyesini təqdim edir:

Əliyev Firdovsi Şahmirzə oğlu 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib. 1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub. 1991–1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb. 1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Firdovsi Əliyev Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Rus və alman dillərini bilir. Evlidir, 2 övladı var.


MANŞET XƏBƏRLƏRİ