İranın nüvə obyektlərinə hücum həyata keçirən ABŞ-a aid qırıcıların Türkiyənin hava məkanından istifadə etməsinə dair müxtəlif dairələrdə səsləndirilən iddialar dezinformasiyadır.
Turkustan.azxəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, İsrailin İrana hücumlarında Türkiyənin hava məkanından istifadə olunmadığı kimi, ABŞ tərəfindən İranda yerləşən nüvə obyektlərinə hücumlarda da Türkiyənin hava məkanından qətiyyən istifadə edilməyib:
"ABŞ-dan havaya qalxaraq, Cəbəllütariq boğazı istiqamətindən daxil olaraq, Aralıq dənizinin cənub hissəsindən İsrailə çatan təyyarələr İraqın üzərindən daxil olaraq İrana zərbələr endirib" - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, bombardmançı təyyarələr hücumdan sonra eyni istiqamətdə də (Krit adasının Cənubundan) yanacaq doldurulması prosesindən sonra ABŞ ərazisinə geri qayıdıb.
Bəyanatda Türkiyənin Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsinin tərəfdarı olmaqda davam etdiyi, Prezident Rəcəb Tayyib Ərdoğanın isə bu məqsədlə diplomatiyanın təmin olunması üçün göstərilən təşəbbüslərə üstünlük verdiyi, bunun əksinə istiqamətlənən hər cür iddia dezinformasiya olduğu açıqlanıb. /Modern.az/