İsrail iyunun 23-dən etibarən xarici ölkə vətəndaşlarının ölkəni tərk etməsi üçün xüsusi reyslərə icazə verəcək.
Turkustan.az-ın xəbərinə görə, bu barədə ölkənin nəqliyyat naziri Miri Reqev məlumat verib.
Reyslər üçün sərnişin sayı ciddi şəkildə məhdudlaşdırılıb. Belə ki, hər təyyarəyə cəmi 50 nəfər buraxılacaq.
Nazirlik bu addımı təhlükəsizlik məqsədilə, Ben Qurion hava limanının potensial hücum hədəfinə çevrilməsi riskinə görə atıb.
Qeyd edək ki, İsrail hava məkanını iyunun 13-dən - İrana qarşı hərbi əməliyyata başladığı gündən bağlayıb. Bu səbəbdən ölkədə təxminən 40 min turist qalıb və onlar yalnız quru sərhəd keçidləri (Misir və İordaniya ilə) və ya dəniz yolu ilə çıxa biliblər.
Son günlərdə isə hava limanı məhdud sayda reyslər qəbul etməyə başlayıb. İsrail hava yolları şirkətləri - El Al, Israir və Arkia iyunun 18-dən bəri əsasən Avropa və ABŞ-dan reyslər həyata keçirir. Təyyarələr yalnız gündüz saatlarında uçur, çünki gecələr İsrail ərazisi İrandan raket hücumlarına məruz qalır.
Hazırda Ben Qurion hava limanında saatda yalnız iki təyyarənin enişinə icazə verilir. Gələn təyyarələr sərnişinləri endirib dərhal havaya qalxır.
Bu günə qədər həm xaricilərin, həm də İsrail vətəndaşlarının ölkəni hava yolu ilə tərk etməsi qadağan edilib. İndi isə uçuşlara icazə verilir, lakin onlar yalnız 3-cü terminaldan həyata keçiriləcək və terminal binasına yalnız bileti olan sərnişinlər buraxılacaq./modern.az