10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanat imzalandı.
Bu bəyannamənin imzalanmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan onun bir sıra müddəalarına əməl etmir.
Vəziyyət belə davam edərsə, bu bəyanat qüvvədən düşə bilərmi? Ermənistan bəyanatın müddəalarını yerinə yetirməsə, onu məsuliyyətə cəlb etmək mümkündürmü?
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Ermənistanın məsuliyyətə cəlb olunmağını düşünmək sadəlövhlük olar:
“2020-ci ilin 10 noyabrında imzalanan bəyannamə ratifikasiya olunmadığına görə, onun beynəlxalq gücü yoxdur. Amma bu bəyannamə Azərbaycanın sülh danışıqlarına meyl etdiyinə, sülh istədiyinə dəlalət edir. Belə bəyannamələr olub və yenə olacaq. Bütün müharibələrin sonu onsuz da sülh sazişləri ilə bitir. Azərbaycan da müharibəni sevməyən dövlət kimi bunu qəbul etdi. Qalib dövlət olmasına baxmayaraq, qəbul etdi. Burada Rusiya faktoru da var. Rusiya heç vaxt bizə qarşı səmimi olmayıb. Bu gün də səmimi deyil. Əgər beynəlxalq hüquqa istinad ediriksə, 28 il Azərbaycan torpaqları işğal altında saxlanıldı. Onda beynəlxalq hüquq harada idi? Ümumiyyətlə dünyada ədalət deyilən bir şey yoxdur. Xüsusilə də nəzərə almaq lazımdır ki, Azərbaycan həm türk, həm də müsəlman ölkədir. Dünyada da həm türkofobiya, həm də islamfobiya çox güclüdür. Avropanın mərkəzində, özünə demokrat deyən İsveçdə, Danimarkada Qurani-Kərim yandırılır. Polis Quranı yandıranların tərəfini tutur. Hətta yerli əhalidən kim onların əleyhinə nəsə etmək istəyirsə, onun üzərinə gedirlər. Demokratiya ancaq dövlətlərə siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Azərbaycanda da bunu çox yaxşı başa düşürlər. Ona görə də bizim Ermənistanın hər hansı məsuliyyətə cəlb oluna biləcəyinə inanmağımız bir qədər sadəlövlük olar”.
Cümşüd Nuriyev üçtərəfli bəyanat üçün Azərbaycanın əlindən gələni etdiyini vurğulayıb:
“Ermənistanı müharibə istəyən dövlət kimi göstərmək elə çətin bir məsələ deyil. Azərbaycan mediası da bu məsələdə çox yaxşı işləyir. Azərbaycan Prezidenti də Şuşada keçirilən 4-cü Qlobal Media Forumunda çox gözəl danışdı, cavab verdi. Azərbaycan əlindən gələni edir. Özünə hörmət edən dövlətdir. Ancaq nə edək ki, Ermənistanın başında Paşinyan kimi qeyri-ciddi siyasətçi dayanır?! Bu da bizim səhvimiz deyil. Azərbaycanın da talesizliyi ondadır ki, Rusiya hələ 200 il əvvəl bu məsləksizləri gətirib bu regiona yerləşdirib. 200 il Qafqaz siyasətini onların şərəfsizliyi hesabına həyata keçirir. Amma hər şeyin bir sonu var. Bu son da gəlib çatır. Ermənilərin etnokorparasiya tarixinə baxsaq, bu onların beşinci köçüdür. Onlar buradan da köçəcəklər. Bunların burada qalması mümkünsüzdür. Heredotun tarixindən üzü bəri son 2000 ildə bunlar zaman-zaman xəyanət etdikləri dövlətin ərazisindən qovulub. Onlar indi də Azərbaycanın ərazisində yerləşib. Həyasızcasına deyirlər ki, bizimdir. Ancaq Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət ermənilərin bu siyasətlərini məhv etdi. Böyük Ermənistanı suya saldı. İndi bunlar Ermənistanı Krasnadar, Tula, Kurskda görürlər”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, problemin kökündə Qarabağda erməni hərbçilərin və separatçıların yerləşməsidir:
“Məğlubiyyətə uğrayan Ermənistan nə qədər belə danışıqları pozacaq? Hələ nə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar gedəcək? Ermənistan təxribat, separatizm kimi öz xarakteristik xüsusiyyətlərini göstərməkdədir. Ermənistan hərbi birləşmələri Qarabağın dağlıq hissəsindədir. Separatçılar orada Azərbaycanla inteqrasiya olmayacaqlarını bildirirlər. Belə bir vaxtda Qərb ölkələri Ermənistanın humanitar missiya ilə əlaqədar təxribatına “uyaraq” Azərbaycanla bağlı bəyanat verərək yolun açılmasını istəyirlər. Hamı bilməlidir ki, Qarabağdakı problemin kökündə erməni separatçıların və Ermənistan hərbi birləşmələrinin olması dayanır. Bizim təklifimiz ondan ibarətdir ki, Ağdam-Xankəndi yolundan istifadə edilməli, inteqrasiya prosesi getməlidir. Qarabağdakı ermənilər Azərbaycanla inteqrasiya olmalıdır. Erməni hərbi birləşmələri ərazidən çıxmalıdır. Mülki əhali Azərbaycanda yaşamaq istəmirsə, çıxıb gedə bilərlər. Beləliklə, məsələ yekunlaşar”.
Z.Məmmədov vurğulayıb ki, hər kəs Azərbaycanın öz ərazisində istədiyi kimi davranacağını bilməlidir:
“Avropadakı ölkələr də separatizmlə mücadilə edir. İspaniyanı misal göstərmək olar. Çox təəssüflər olsun ki, ədalət yerinə məhz Laçın yolu ilə bağlı birtərəfli bəyanatlar verirlər. Fransanın özü bu gün separatizmin boğulması ilə məşğuldur. Öz təcavüzkar siyasətilə məşhurdur. Azərbaycanla bağlı qərəzli mövqeyini bildirir. Amma hamı bilir ki, beynəlxalq hüquq var. Azərbaycan öz ərazisində öz bildiyini edəcək”.
Politoloq Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etməyə davam edəcəyi təqdirdə, görüləcək işlərdən danışıb:
“Ermənistan Azərbaycanın daxili işlərinə baş qoşmağa davam edərsə, biz Qars və Moskva müqavilələrini qaldıracağıq. Qars və Moskva müqavilələrinə görə Naxçıvanın bir çox kəndi Ermənistan ərazisindədir. Onlar mütləq şəkildə Azərbaycana qaytarılmalıdır. Eyni zamanda biz Zəngəzurun iki yerə bölünməsi ilə bağlı 1920-ci il müqaviləsi məsələsini qaldıracağıq. Mənim zənnimcə, qonşu dövlətlər bu məsələyə çox həssas yanaşmalıdır. Ələlxüsus da Rusiya və İran həssas olmalıdır. Başa düşməlidirlər ki, 100 il əvvəl Ermənistana torpaqların verilməsi qeyri-qanuni olub. Qarabağda məsələ öz həllini tapmazsa, Azərbaycan digər istiqamətlərdən də hücum edə bilər”.