İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qeşm adasına endirdiyi zərbəyə cavab olaraq İordaniyada yerləşən ABŞ hərbi bazasına ballistik raketlərlə hücum etdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, ABŞ-ın Qeşm adasına hücumu zamanı bunker əleyhinə bombalar nəticəsində iki yaşayış evi dağılıb, bir ailənin – ata, ana və uşağın həyatını itirdiyi irəli sürülüb.
Bəyanata görə, cavab əməliyyatı çərçivəsində İordaniyadakı Əl-Əzraq Hərbi Hava Bazasında ABŞ-a məxsus F-35 qırıcılarının yerləşdiyi anqar ballistik raketlərlə hədəfə alınıb.
SEPAH iddia edib ki, hücum nəticəsində üç F-35 qırıcısı tamamilə məhv edilib, daha üçü isə ciddi zədələnib.
İnqilab Keşikçiləri hücum zamanı bəzi ABŞ hərbçilərinin də həlak olduğunu irəli sürüb.
Bəyanatda, həmçinin, "Bölgəmiz gecə saatlarında günahsız ailələri hədəf alan bir ordu üçün yer deyil. Mübarizəmiz Amerika qüvvələri İslam torpaqlarını tərk edənədək davam edəcək" ifadələrinə yer verilib.
Qeyd edək ki, SEPAH-ın irəli sürdüyü bu iddialar ABŞ və ya digər müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
Aytən Yaşar/ Turkustan.az