Xalidə Əli qızı
Filologiya üzrə fəlsəfə doktoru
Ailə cəmiyyətin təməlidir. Bu fikri illərdir eşidirik və yəqin ki, bundan sonra da eşidəcəyik. Doğrudan da insan ilk tərbiyəni, mənəvi dəyərləri, məsuliyyət hissini və qarşılıqlı hörməti ailədə qazanır. Sağlam ailə münasibətləri olmadan sağlam cəmiyyət qurmaq mümkün deyil. Məhz buna görə də gənclərin ailə həyatına hazırlanması bu gün ən vacib məsələlərdən biridir.
Ancaq burada bir sual yaranır: biz gəncləri ailə həyatına həqiqətən hazırlayırıqmı?
Uşaqlar və gənclərlə aparılan maarifləndirmə tədbirlərinə nəzər saldıqda maraqlı mənzərə ilə qarşılaşırıq. Belə tədbirlərə tez-tez yaşlı nəslin nümayəndələri, ağsaqqallar və ağbirçəklər dəvət olunur. Şübhəsiz ki, onların həyat təcrübəsi dəyərlidir. Lakin problem ondadır ki, bir çox hallarda bu təcrübə müasir reallıqlarla deyil, keçmişdən qalan stereotiplərlə təqdim olunur.
Tədbirlərdə tez-tez eyni fikirlər səslənir: “Ər evin sahibidir”, “Göydə Allah, yerdə ərindir”, “Hara getsə də, yenə evinə qayıdacaq”, “Bağrına daş bas, uşaqlarını böyüt”. Bu cümlələr illərlə ailəni qorumağın resepti kimi təqdim olunub. Amma etiraf etməliyik ki, artıq bu metod işləmir.
Çünki bağrına daş basan qadın ya zamanla özü daşlaşır, ya da həmin daşın altında əzilir. Və nəticə təkcə qadına deyil evin kişisinə də zillət gətirər. Daşlaşmış qadına sarılan hissizləşən kişilər yetişir. Hissizləşən insan isə zamanla ya öz içinə qapanır, ya da aqressiyasının əsirinə çevrilir. Bəzən cəmiyyətin “güclü kişi” adlandırdığı obraz, əslində, sevgisizliyin və emosional aclığın yaratdığı bir canavardır. Beləliklə də, sevginin yerini məcburiyyət, hörmətin yerini qorxu, ailənin yerini isə sadəcə formal birlik əvəz edir. Nəticədə hissiz münasibətlər, saxta ailə görüntüsü, emosional boşluq yaşayan insanlar və ən ağırı – bütün bunların şahidi olan uşaqlar meydana çıxır.
Son illər uşaqların hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılıb. Qanunvericilik təkmilləşdirilib, yeni mexanizmlər yaradılıb, dövlət qurumlarının fəaliyyəti genişləndirilib. Lakin eyni zamanda cəmiyyət başqa problemlərlə də üz-üzədir: asılılıqların artması, internet mühitinin uşaqlara mənfi təsirləri, sosial risk qrupuna daxil olan ailələrin çoxalması və çətin tərbiyə olunan uşaqların sayının yüksəlməsi.
Bu problemlərin kökündə çox zaman ailədaxili münasibətlər dayanır. Uşaq ailədə sevgi, diqqət və təhlükəsizlik hiss etmədikdə, bu boşluğu başqa yerlərdə axtarmağa başlayır. Qanunlar nəticələrlə mübarizə apara bilər, amma səbəbləri aradan qaldırmaq üçün təkcə qanun kifayət etmir.
Burada əsas rol maarifləndirmənin üzərinə düşür. Amma maarifləndirmə dedikdə yalnız qadınlara dözməyi, kişilərə isə doğru hökmranlıq etməsə yeniləcəyini öyrətmək nəzərdə tutulmamalıdır. Müasir ailə anlayışı qarşılıqlı hörmət, bərabər məsuliyyət və könüllü seçim üzərində qurulmalıdır.
Bu gün gənclərə milli və ailə dəyərlərini təbliğ edərkən gender bərabərliyini də anlatmalıyıq. Onlara yalnız vəzifələrini deyil, hüquqlarını da öyrətməliyik. Dözümlülük və tolerantlıqla yanaşı, qarşılıqlı hörmətin əhəmiyyətini izah etməliyik.
Hər bir gənc bilməlidir ki, ailə quracağı insana qarşı mənəvi bağlılıq və daxili razılıq olmalıdır. Uğurlu nikahın əsas şərti qarşılıqlı sevgi, hörmət və könüllü seçimdir. İnsan həyat yoldaşı seçərkən təkcə ətrafın təzyiqini deyil, öz qəlbinin və vicdanının səsini də dinləməlidir.
Sağlam ailə məcburiyyət üzərində qurulmur. Sağlam ailə hörmət, etimad və seçim azadlığı üzərində qurulur. Əgər biz gələcək nəsillərə həqiqətən güclü ailə modeli təqdim etmək istəyiriksə, köhnə stereotipləri təkrarlamaq yox, yeni reallıqları qəbul etməyi bacarmalıyıq.
Yalnız bu halda gələcəyə sağlam düşüncəli gənclər, möhkəm ailələr və xoşbəxt uşaqlar miras qoya bilərik. Mütləq sevin! Çünki sevgi ilə baxan gözlər məlhəmdir, qayğıdır, daxili rahatlıqdır, gücdür, gözəllikdir, əzmdir, sədaqətdir, etibardır, bağışlamadır.