İrandan Türkiyə açıqlaması: Münasibətlərimiz çox özəldir


İran Türkiyə ilə münasibətlərinin yüksək səviyyədə olduğunu və iki ölkə arasında bütün sahələri əhatə edən xüsusi əlaqələrin mövcudluğunu bildirib.

Turkustan.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

İranın qonşuları ilə münasibətlərində problemlər yaşadığı barədə iddialara cavab verən Bekayi Türkiyə ilə bir çox məsələlərdə ortaq narahatlıqların və baxışların olduğunu bildirib.

“İranın qonşuları, xüsusən də Türkiyə ilə münasibətləri istənilən səviyyədədir. İran və Türkiyə arasındakı münasibətlər bütün sahələrdə xüsusidir. Xüsusilə İsrail rejiminin regionda dominantlıq yaratmaq səyləri ilə bağlı bir çox məsələdə ortaq narahatlıqlarımız və baxışlarımız var”, - deyə Bekayi bildirib.

O, ABŞ-ın ticarət tərəfdaşlarına İrana qarşı tədbirlər görmələri üçün təzyiq göstərdiyini və Vaşinqtonun bu təzyiqi gücləndirmək məqsədilə mediadan da istifadə etdiyini iddia edib.

Bekayi əlavə edib ki, İranın diplomatik aparatı ABŞ-ın məqsədlərinə çatmasının qarşısını almaq üçün fəaliyyət göstərir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ