ABŞ prezidenti Donald Trampı qəbul etdikdən bir neçə gün sonra Çin prezidenti Si Cinpin Pekində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Turkustan.az xəbər verir ki, Putini dəbdəbəli mərasimlə qarşılayan Si Cinpin görüşdən əvvəl bildirib ki, “Yaxın Şərqdə müharibənin dayandırılması vacibdir və danışıqlar xüsusilə əhəmiyyətlidir”.
Açılış nitqində Putin iki ölkə arasındakı münasibətlərin “misilsiz səviyyəyə” çatdığını vurğulayıb və Moskvanın Çin üçün “etibarlı enerji təchizatçısı” olduğunu deyib.
Si Cinpin bu səhər Pekində Vladimir Putini təntənəli mərasimlə qarşılayıb. Görüş, Çin liderinin eyni məkanda ABŞ prezidenti Donald Trampla keçirdiyi görüşdən qısa müddət sonra baş tutub.
Trampın səfərindən sonra keçirilən Si-Putin görüşü həm simvolik görüntüləri, həm də mümkün nəticələri baxımından beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Çin əsgərləri mərasim üçün düzülərkən, hərbi orkestr Pekinin mərkəzində yerləşən Xalq Yığıncaqları Zalında Çin və Rusiyanın dövlət himnlərini ifa edib. Rusiya və Çin bayraqlarını dalğalandıran uşaqlar isə iki lider zala daxil olmamışdan əvvəl çin dilində “Xoş gəlmisiniz!” səsləndiriblər.
Aytən Yaşar/ Turkustan.az