“Aşıq Ələsgərin anım tədbirləri” layihəsinin icrasına start verilib


Dədə Ələsgər Ocağı İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə orta qrant müsabiqəsinin qalibi olaraq “Aşıq Ələsgərin anım tədbirləri” adlı layihənin icrasına başlamışdır.

Layihənin əsas məqsədi aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Ələsgərin zəngin yaradıcılıq irsinin, xüsusilə gənc nəsil arasında geniş təbliğinə töhfə vermək, milli poeziya və aşıq sənətinə marağı artırmaq, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsini təşviq etməkdir.

Azərbaycan xalqının mənəvi yaddaşında mühüm yer tutan Dədə Ələsgər yaradıcılığı əsrlər boyu xalqın düşüncə tərzini, mənəvi dünyasını və milli kimliyini yaşadan əsas ədəbi-mədəni qaynaqlardan biri olmuşdur. Müasir dövrdə qloballaşma və xarici mədəni təsirlərin artdığı bir şəraitdə milli irsin təbliği və gənclərin aşıq sənətinə marağının artırılması xüsusi aktuallıq daşıyır. Layihə də məhz bu istiqamətdə maarifləndirici və mədəni fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

Layihə çərçivəsində Naftalan, Goranboy, Göygöl və Samux rayonlarında Aşıq Ələsgərin xatirəsinə həsr olunmuş silsilə anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirlər çərçivəsində aşıq sənəti nümunələrinin təqdimatı, ustad sənətkarın həyat və yaradıcılığına dair çıxışlar, eləcə də gənc aşıqların iştirakı ilə bədii proqramlar təşkil ediləcək.

Anım tədbirləri vasitəsilə iştirakçılar Dədə Ələsgər poeziyasının fəlsəfi dərinliyi, milli-mənəvi dəyərlərə bağlılıq ruhu və Azərbaycan aşıq sənətinin inkişafındakı rolu barədə ətraflı məlumat əldə edəcəklər.

Layihənin icra müddəti 1 may 2026-cı il tarixindən 31 iyul 2026-cı il tarixinədək davam edəcək.

Dədə Ələsgər Ocağı İctimai Birliyi bu layihə vasitəsilə Azərbaycan aşıq sənətinin təbliği, gənclər arasında milli kimlik və mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi istiqamətində mühüm töhfə verməyi qarşıya məqsəd qoyur.


MANŞET XƏBƏRLƏRİ