Son dövrlər keçmiş məcburi köçkün qəsəbələrində bəzi evlərin dövlət hesabına təmir olunması təşəbbüsü maraq doğurub. Bu addım sosial siyasət baxımından vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılmasına və sosial rifahın artırılmasına xidmət edir.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, dövlət bu təşəbbüsü ilə məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmağa prioritet verir:
“Əlbəttə, dövlət insanların əsas ehtiyaclarını qarşılamağa hədəflənib. Ona görə də bir çox məcburi köçkünlər üçün hazır evlər tikilib, təmir olunmuş və lazımi avadanlıqlarla təmin edilmiş vəziyyətdə təqdim olunur. Digər məcburi köçkünlər üçün isə bu evlərin təmir olunması həm də dəstək mesajı daşıyır".
Deputat əlavə edib ki, dövlət hər zaman köçkünlərə dəstək verir və bu prosesi davam etdirməkdədir:
“Ona görə indiyə qədər göstərilən dəstək davam edir və ümid edirəm ki, daha uğurlu nəticələr əldə olunacaq. Məcburi köçkünlər daha böyük həvəslə və sistemli şəkildə məskunlaşacaqlar. Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin məskunlaşması dövlət strategiyasının həyata keçirilməsinə də töhfə verir”.
Qeyd edək ki, dövlətin sosial siyasəti yalnız qısa müddətli yox, uzunmüddətli rifah və təhlükəsizlik prinsipləri üzərində qurulub, vətəndaşların yaşam şəraitinin yaxşılaşdırılmasını prioritet hesab edir.