Ölkələr xəbərdarlıq edir: ABŞ son hazırlıq mərhələsində - Müharibə başlayır? - ŞƏRH


Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik fonunda ABŞ–İran xəttində vəziyyət daha da mürəkkəbləşir. Diplomatik kanallar açıq saxlanılsa da, qarşılıqlı sərt bəyanatlar və regionda hərbi qüvvələrin cəmləşdirilməsi mümkün eskalasiya riskini gücləndirir.

Artan təhlükə ilə əlaqədar olaraq Polşa hökuməti İran ərazisində olan vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək ölkəni tərk etməyi və ya səfərləri təxirə salmağı tövsiyə edib.

Rəsmi Varşava bölgədə vəziyyətin sürətlə dəyişə biləcəyini və risklərin artdığını vurğulayıb. Bu arada Amerika Birləşmiş Ştatları ilə İran arasında davam edən danışıqların taleyi və mümkün hərbi ssenarilər beynəlxalq ictimaiyyətin əsas gündəm mövzularından biri olaraq qalır.

Maraqlıdır görəsən, bu nəyə işarədir? Müharibə başlayır? Turkustan.az olaraq bu sualları politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Prezidentin Türkmənistan səfəri iki regionu birləşdirəcək

Məhəmməd Əsədullazadə

Amerika ilə İran arasında aparılan danışıqların nəticələri həm Əbu-Dabidə, həm də Cenevrədə keçirilən görüşlər fonunda hələlik konkret irəliləyişlə yadda qalmır. Tərəflərin mövqelərində ciddi dəyişiklik müşahidə olunmur. İranın mülki administrasiyası – Prezident Pezeşkian və onun hökuməti dialoqa açıq olduqlarını bəyan edir və Vaşinqtonla razılaşma əldə olunmasının mümkünlüyünü vurğulayır.

Lakin paralel olaraq ziddiyyətli bəyanatlar səslənir: bir tərəfdən Cenevrədə danışıqlar davam edir, digər tərəfdən isə İranın hərbi-siyasi çevrələrindən ABŞ-a qarşı sərt hədələr, o cümlədən Amerika hərbi gəmilərinin hədəf alınacağı ilə bağlı açıqlamalar verilir.

Bu cür ritorika fonunda hansısa real kompromisdən və ya müsbət nəticədən danışmaq çətin görünür. Hazırkı mənzərə onu göstərir ki, İran mümkün hərbi ssenariyə hazırlaşır. ABŞ-ın regiona əlavə zərbə qüvvələri, raketdən müdafiə və hava hücumundan müdafiə sistemləri, eləcə də təyyarədaşıyan gəmilər cəmləşdirməsi də gərginliyin artdığını göstərən amillərdəndir.

Bu addımlar potensial hərbi toqquşma riskini artırır. Vaşinqtonun strateji hədəfləri sırasında İranın enerji resurslarına nəzarət imkanlarını məhdudlaşdırmaq və bununla da Çinin iqtisadi maraqlarına təsir göstərmək kimi amillərin olduğu barədə fikirlər səslənir. Beləliklə, proseslərin hazırkı istiqaməti diplomatik həll imkanlarını zəiflədərək hərbi qarşıdurma ehtimalını artırır.

Bu ssenaridə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyətində qala biləcəyi istisna olunmur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ