TƏCİLİ: ABŞ "B-2"ləri yüksək hazırlıq vəziyyətinə GƏTİRDİ - VİDEO


2025-ci ildə İran hədəflərinə qarşı zərbələrdə istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinin "B-2" Spirit strateji bombardmançıları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Turkustan.az xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, uzunmüddətli hava əməliyyatları üçün zəruri olan onlarla yanacaqdaşıyan təyyarə də qabaqcıl mövqelərə yerləşdirilib.

Nəşrin məlumatına görə, ABŞ-nin Karib hövzəsindən İran istiqamətinə hərəkət edən ikinci aviadaşıyıcı qrupu bu həftənin sonu və ya gələn həftənin əvvəlində Aralıq dənizinə çata bilər.

Gözlənilir ki, aviadaşıyıcı Təl-Əviv və digər İsrail şəhərlərini mümkün İran cavab zərbələrindən qorumaq üçün İsrail sahilləri yaxınlığında yerləşdiriləcək.

Daha əvvəl "CBS" telekanalı Vaşinqton administrasiyasının artıq 21 fevralda İrana qarşı hərbi əməliyyata başlama ehtimalını nəzərdən keçirdiyini bildirib.

Yanvarda Ağ Ev rəsmiləri bəyan ediblər ki, Tehran danışıqlara başlamasa və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli razılaşma”ya getməsə, güc tətbiqi real variant kimi qalır. İran hakimiyyəti isə dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını açıqlayıb.

Fevralın 17-də Cenevrədə Oman vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə məsələsi üzrə danışıqların ikinci raundu keçirilib.

İran Xarici İşlər Nazirliyi bəzi məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunduğunu bildirib. Vaşinqton isə məsləhətləşmələrin yaxşı keçdiyini qeyd etsə də, Tehranın hələ Ağ Evin irəli sürdüyü bəzi mövqeləri qəbul etməyə hazır olmadığını vurğulayıb.

Bundan əvvəl ABŞ və İsrail İranın yalnız nüvə proqramını deyil, həm də ballistik raket istehsalını dayandırmasını və Yaxın Şərqdə proksi qüvvələrə dəstəyi kəsməsini tələb edirdi.

/musavat.com/


MANŞET XƏBƏRLƏRİ