Ruben Vardanyana verilən hökm onun regiondan kənarda illər boyu apardığı maliyyə, biznes və ictimai-siyasi fəaliyyətini yenidən gündəmə gətirib. Sözügedən şəxsin, xüsusilə Böyük Britaniya ilə əlaqələri ətrafında müzakirələr aparılır.
Bu fonda fevralın 17-də “Amnesty International” təşkilatının açıqlaması diqqət çəkir. Vardanyana 20 il həbs hökmü çıxarıldıqdan sonra təşkilat bildirib ki, bu məhkəmə prosesi “ədalətli məhkəmə prinsiplərinə uyğun deyil və ciddi narahatlıq doğurur”.
Qərbdə iri biznes adamlarının yaratdığı beynəlxalq maliyyə və ictimai əlaqələr şəbəkəsi belə xəbərlərə, yaxud məhkəmə qərarlarına həqiqətən təsir edə bilərmi?
Turkustan.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, qlobal iqtisadi sistem vahid bir orqanizm kimi fəaliyyət göstərir:
“O cümlədən, ölkələrin iqtisadiyyatları bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Bu bağlılıq fonunda qeyri-qanuni əməliyyatların və transsərhəd şəbəkələrin fəaliyyəti də meydana çıxır. Xüsusilə kölgə iqtisadiyyatı və maliyyə fırıldaqçılığı sahəsində müəyyən “zonalar” formalaşdıqda yeni zəncirvari proseslər yaranır. Eyni məqsəd və oxşar maraqlar ətrafında birləşən fiqurlar müxtəlif ölkələrin təsisatları, maliyyə institutları vasitəsilə əlaqələr quraraq qanunsuz fəaliyyət göstərirlər. Bu fəaliyyətlərə çirkli pulların yuyulması, vəsaitlərin ofşor zonalara yönləndirilməsi və müxtəlif mexanizmlərlə izlərin itirilməsi daxildir. Bu kontekstdə Ruben Vardanyan beynəlxalq miqyasda maliyyə fırıldaqçılığı ilə tanınan şəxslərdən biridir. Onun ətrafında xeyriyyəçilik və filantropiya imici formalaşdırılsa da, o, iri biznes strukturlarında təmsil olunan, fəaliyyəti ilə bağlı bir neçə dəfə araşdırmalara cəlb edilmiş şəxsdir. Müxtəlif dövrlərdə əlaqələrindən və nüfuzlu dairələrin dəstəyindən istifadə edərək məsuliyyətdən yayınmağa nail olduğu iddia edilir”.

Tofiq Abbasov
Politoloq bildirib ki, Vardanyan heç bir hüquqi və ya ictimai legitim əsas olmadan Qarabağda peyda olaraq özünü “dövlət naziri” kimi nümayiş etdirib:
“O, maliyyə imkanlarına arxalanaraq bölgədə möhkəmlənmək, ictimai dəstək qazanmaq və daha geniş siyasi ambisiyalar reallaşdırmaq niyyətində idi. Həmçinin Qarabağda möhkəmlənməyə, yerli əhali arasında özünü təsdiqləməyə və ictimai etimad qazanmağa çalışırdı. Məqsədi isə bu platformadan istifadə edərək İrəvana daha iddialı siyasi fiqur kimi qayıtmaq və orada ön mövqe tutmaq idi. Vardanyanın adı eyni zamanda, Rusiyanın maraqları ilə əlaqələndirilir, baxmayaraq ki, o, nümayişkaranə şəkildə, pasportunu cıraraq Rusiya vətəndaşlığından imtina etdiyini açıqlamışdı. Bütün bunlar daha geniş bir siyasi konstruksiyanın tərkib hissəsidir. O, artıq Azərbaycan məhkəməsi qarşısında ifadə verib. Məhkəmə prosesində zaman-zaman emosional və manipulyativ çıxışlara yol verir, ailə üzvləri ilə telefon danışığında siyasi məzmunlu mesajlar ötürürdü. Bu açıqlamalar vasitəsilə diqqəti özünə yönəltməyə və xaricdəki tərəfdarlarının dəstəyini aktivləşdirməyə çalışırdı”.
Tofiq Abbasov qeyd edib ki, “Amnesty International” bu proseslə bağlı bəyanatla çıxış edərək onun barəsində irəli sürülən ittihamların ədalətliliyini sual altına alıb:
“Təşkilat Azərbaycanın hüquq-mühafizə və məhkəmə orqanlarının qərarlarını, Vardanyana 20 il həbs verilməsini tənqid edib. Halbuki ona ölüm cəzasının verilməsini istəyənlər var idi. Lakin qanunvericiliyinə əsasən ölüm cəzası ləğv olunub və məhkəmə yalnız mövcud hüquqi çərçivə daxilində qərar qəbul edə bilər. İttihamlara görə, Vardanyan separatizmə maliyyə dəstəyi göstərməkdə, qanunsuz silah-sursat dövriyyəsində iştirak etməkdə, qaçaqmalçılıq yolu ilə təbii sərvətlərin istismarına şərait yaratmaqda və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətlərdə iştirak etməkdə təqsirləndirilir. Zərərçəkənlərin ifadələri və təqdim olunan materiallar cinayətin tərkibini təsdiqləyir. Xatırladım ki, o, bir müddət əvvəl Xankəndidə mərkəzi meydandan “BBC” ilə birbaşa bağlantı quraraq müsahibə vermiş, Azərbaycan dövlətinin rəhbərliyinə qarşı ittiham və təhqir xarakterli ifadələr səsləndirmişdi. Rəsmi mövqe odur ki, məhkəmə prosesi milli qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılır. Ona qarşı təqdim olunan ittihamlar əsaslıdır və cəzasını çəkməlidir”.
Xatırladaq ki, fevralın 17-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana hökm oxunub. Hökmə əsasən, o, qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, “Amnesty International” Böyük Britaniyaya (İngiltərəyə) məxsus beynəlxalq təşkilatdır.