Ekoloq Sadiq Həsənovla müsahibə
- Su təhlükəsizliyi anlayışı nəyi ifadə edir və onun əsas komponentləri hansılardır?
- Su təhlükəsizliyi anlayışı beynəlxalq termin olaraq “water security” adlanır. Bu, əsasən ölkələrdə insanların suya əlçatanlığını təmin etməyi ifadə edir. Burada həm fərdi, həm də ictimai səviyyədə – sosial və iqtisadi sistemləri əhatə edən su əlçatanlığından söhbət gedir. Su təhlükəsizliyi ölkələrin su resurslarına çıxışının əsas göstəricilərindən biridir və beynəlxalq səviyyədə bu termin geniş istifadə olunur. Su təhlükəsizliyinin önəmi ondan ibarətdir ki, bəzi bölgələrdə, xüsusilə Orta Asiyada, su üzərində mübahisələr hətta qarşıdurma və müharibə səviyyəsinə qədər çata bilir. Məsələn, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Əfqanistan Amudərya və Sırdərya çayları üzərində yerləşdiklərinə görə suyun idarə olunması ilə bağlı mübahisələr yaşayırlar. Bu səbəbdən su təhlükəsizliyi hər ölkənin milli təhlükəsizliyində mühüm rol oynayır və su təminatı strateji əhəmiyyət kəsb edir.
- Dünyada su qıtlığı problem var. Bəs, Azərbaycanda?
- Dünyada Yer kürəsinin təxminən 70%-i su ilə örtülüdür, lakin bu ehtiyatların cəmi 2,5%-i içməli sudur. Bu içməli suyun əsas mənbələri çaylar, göllər, dağlarda olan buz qatları və qar təbəqələridir. Okean və dənizlərin suyu isə içməyə yararlı deyil, çünki tərkibində duz çoxdur. Su problemi hər ölkədə fərqli səviyyədədir. Şimal ölkələri, məsələn, Rusiya və Şimali Avropanın bəzi hissələri su ilə tam təmin olunub. Lakin Orta Asiya, İspaniya, İtaliya, ABŞ-ın bəzi bölgələri, Türkiyə, Azərbaycan və Orta Asiyanın digər hissələrində su ehtiyatları nisbətən azdır. Cənubi Asiyada, xüsusən Ərəbistan yarımadası, Pakistan, Hindistan və Əfqanistan kimi ölkələrdə su problemi daha kəskindir və bu ölkələr daim su təminatı ilə bağlı çətinliklər yaşayır. Azərbaycanda su ehtiyatlarının əsasını transsərhəd çaylar – Kür, Araz və digər çaylar təşkil edir. Bu isə ölkəni qonşu dövlətlərin su resurslarından asılı edir və nəticədə Cənubi Qafqazda ən az su ehtiyatına malik ölkələrdən birinə çevirir.
- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə hansı təsirləri göstərir?
- Artıq iqlimdə kəskin dəyişikliklər baş verib. Son qiymətləndirmələrə görə, illik orta temperatur 1,54°C-ə qədər qalxıb və bu, 1,5–2°C səviyyəsinə çatmaq təhlükəsini yaradır. 2015-ci ildə Parisdə keçirilən BMT İqlim Dəyişmələri üzrə Konfransda iki dərəcəni keçməmək barədə qərar qəbul olunmuşdu. İqlim dəyişikliyinin əsas təsirləri bunlardır: yayda kəskin istilərin artması, ayların dəyişməsi, bəzi bölgələrdə quraqlığın genişlənməsi və su ehtiyatlarının azalması. Normal buxarlanma səviyyəsi 5–7% olduğu halda, bəzi yerlərdə bu göstərici 15%-ə qədər arta bilir. Su ehtiyatlarının azalması həm şimaldakı buzlaqların əriməsi, həm də okean və dəniz səviyyələrinin yüksəlməsi ilə müşayiət olunur. Bu proseslər sənayenin inkişafı, karbon dioksid, azot oksidləri, metan və digər qazların atmosferdə artması nəticəsində daha da sürətlənir. Son BMT hesablamalarına görə, atmosferdə karbon dioksid konsentrasiyası artıq 420 ppm-ə çatıb, halbuki normal səviyyə 282–320 ppm arasındadır. Bütün bu amillər su ehtiyatlarının azalmasına, quraqlıq ərazilərinin genişlənməsinə və torpaqların deqradasiyasına səbəb olur. Azərbaycan kimi ölkələr, xüsusilə Cənubi Qafqazda ən az su ehtiyatına malik olduğundan, iqlim dəyişikliyi su resurslarının azalmasına birbaşa təsir göstərir.
- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri hansılardır?
- 1992-ci ildə BMT tərəfindən transsərhəd çaylar və göllərin qorunması ilə bağlı Konvensiya qəbul edilib. Çox təəssüf ki, Azərbaycan bu konvensiyanı imzalamış olsa da, qonşu Gürcüstan və Ermənistan qoşulmayıblar. Bu isə beynəlxalq səviyyədə əməkdaşlıq üçün çətinliklər yaradır. Bir neçə dəfə beynəlxalq konfranslarda bu məsələ müzakirə edilib, lakin həmin ölkələrin konvensiyaya qoşulmaq niyyəti yoxdur. Konvensiya öhdəlik qoyur ki, hər ölkə sudan müəyyən həddə qədər istifadə edə bilər və digər ölkələrin su hüquqlarına zərər verməməlidir. Azərbaycanın aşağı axan sahələrdə yerləşməsi səbəbindən yuxarı axan ölkələrdən gələn artıq su istifadəsi ona zərər verə bilər və buna görə də yuxarı axan ölkələrin öhdəlikləri var. Ermənistan və Gürcüstanın konvensiyaya qoşulmaması bu prinsiplərin tətbiqini çətinləşdirir.
- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda aktual su təhlükəsizliyi riskləri hansılardır?
- Azərbaycanın işğaldan azad edilmiş 11 000 kvadrat kilometr ərazisində kifayət qədər su mənbələri mövcuddur. Buraya Tərtər çayı, Həkəri çayı, Bərgüşət çayı və digər 10–14 çay daxildir. Oxçuçay da bu ərazidən keçir. Zəngilan bölgəsindən axaraq Xəzər dənizi və Araz çayına tökülən bu çaylar Qarabağ bölgəsinin su ehtiyatlarını kifayət qədər təmin etmək imkanına malikdir. Bölgədə iki böyük su anbarı var: Suqovuşan və Sərsəng. Bu anbarlar suvarma və digər məqsədlər üçün istifadə oluna bilər. Lakin Sərsəng su anbarının yaxınlığında Ermənistan tərəfindən bir vaxtlar dağ mədən zavodu tikilmişdi, burada qızıl, mis və digər qiymətli metallar istehsal olunurdu. Zavodun fəaliyyəti zamanı suyun böyük hissəsi həmin əraziyə yönəlirdi ki, bu da Azərbaycan üçün təhlükə yaradırdı, çünki su mənbələri çirklənə bilirdi. Oxçuçayın yuxarı hissəsində isə Ermənistan tərəfdə mis, molibden, qurğuşun, dəmir və digər metal elementləri istehsal edən mədən zavodları mövcuddur. İstehsal prosesində həddindən artıq su istifadə olunur və çirklənmiş su çaya axıdılırdı. Dəfələrlə aparılan monitorinqlər göstərir ki, çayın həddindən artıq çirklənməsi mümkündür. Lakin Qarabağın indiki vəziyyətində su mənbələrindən düzgün istifadə olunarsa, regionu suvarma və içməli su ilə təmin etmək mümkündür. Qalan su isə digər ərazilərə də yönəldilə bilər. Beləliklə, bu bölgədə su resurslarının potensialı digər ərazilərlə müqayisədə çox yüksəkdir.
- Şərqi Zəngəzurun Laçın rayonunda yenidən məskunlaşma aparılır, keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. Yenidən məskunlaşma və sənayeləşmə Laçında su resurslarının idarə olunmasına necə təsir edir?
- Yəni, 30 illik işğal dövründə infrastruktur demək olar ki, tamamilə dağıdılıb. Binalar və evlər yerlə yeksan olub, yenidən infrastruktur qurmaq zəruridir. Arxlar və çaylar bərpa edilməli, suyun səmərəli istifadəsi üçün beton arxlar və kanallar çəkilməlidir. Bu istiqamətdə Azərbaycan hökuməti müəyyən işlər görür, çünki əhalinin yaşayışı üçün su təhlükəsizliyi, yəni insanlara suya əlçatanlıq, birinci vacib amildir. Suvarma sistemlərinin təkmilləşdirilməsi, damcı suvarma sistemlərinə keçid əhəmiyyətlidir, çünki bu üsul suyun qənaətlə istifadəsini təmin edir və bitkinin kökünə birbaşa çatdırır. Qarabağda bu sistemlərin inkişaf etdirilməsi məhsuldarlığın artırılmasına xidmət edə bilər.
- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün hansı texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər?
- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün modul tipli sutəmizləyici qurğular, ağıllı su paylama şəbəkələri, smart suölçənlər, damcı və mikro-səth suvarma sistemləri, torpaq nəmliyi sensorları, yağış sularının toplanması, sənayedə dairəvi su istifadəsi, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi, kiçik su anbarları, yeraltı suların ağıllı istismarı və təbiət əsaslı həllər kimi innovativ yanaşmalar tətbiq oluna bilər.

Müsahibə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.
Tural Turan