Uşaqlara yol hərəkəti təhlükəsizliyi mövzusunda təlim keçirilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə “Uşaqlar üçün yol hərəkəti təhlükəsizliyi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

İctimai Birlikdən verilən məlumata görə, təlim oktyabrən 17-də Hədəf Liseyinin Nəsimi filialında baş tutub.

Tədbiri məktəbin direktoru Vəli Vəlizadə açaraq layihənin əhəmiyyətindən danışıb və uşaqların təhlükəsizliyinin təmin olunmasında bu kimi təşəbbüslərin vacibliyini vurğulayıb.

Daha sonra “Könüllülük Fəaliyyətinin Təbliği Gənclər” İctimai Birliyinin nümayəndəsi Şükür Əndəlifov layihə haqqında iştirakçılara ətraflı məlumat verib.

Azərbaycan Texniki Universitetinin müəllimi, təlimçi Sahib Əsgərov isə uşaqlara yol nişanları, piyada keçidləri, işıqforlar və digər hərəkət qaydaları barədə əyani şəkildə məlumat verərək, təhlükəsiz davranış vərdişlərinin yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib.

Tədbirin sonunda iştirakçılara layihə çərçivəsində hazırlanmış “Yol hərəkəti təhlükəsizliyi” mövzusunda boyama kitabçaları və rəngli karandaş dəstləri hədiyyə olunub.

Layihənin əsas məqsədi uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqları artırmaq, təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq və yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirməni gücləndirməkdir.


MANŞET XƏBƏRLƏRİ