2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr, Azərbaycandan Gürcüstana analoji köçürmələri üstəliyib. Belə ki, Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara yüksəlib. Bu isə illik müqaisədə 4% artım deməkdir. Müstəqillik tarixində ölkələr arası fiziki şəxslər arasında pul köçürmələr izlənilən dövrdən bəri ilk dəfədir belə bir tendensiya müşahidə olunur.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan əslən Gürcüstandan olan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gələn insanların sayı kəskin artıb:
“Bu yay iki dəfə Gürcüstanda oldum, qohum-tanışlardan eşitdiyim, gözümlə gördüyüm mənzərə belə idi ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gələn insanların sayı kəskin artıb. Tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa insanı rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar yeməyi, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedici idi”.
İqtisadçı qeyd edib ki, Gürcüstan kiçik və orta sahibkarlar üçün ümumiyyətlə “cənnət” sayılır:
“Gürcüstanda iqtisadi buma səbəb olan 2 faktor var. Bunlardan birincisi turizmdir. Ölkə turizm sektoru üzərinə inşa edilib. Ölkə əhalisinin 27 faizi turizmlə bağlı sahələrdə çalışır. Gürcüstana hər il 7 milyon turist gəlir. Bu sahə doğrudan da inkşaf edib. Bu da real gəlir deməkdir. Ölkəyə real və nağd valyuta gəlir. Bundan başqa vergi və gömrük qanunvericiliyi həddən artıq sadə və cəlbedicidir. Gürcüstan kiçik və orta sahibkarlar üçün ümumiyyətlə “cənnət” sayılır. Orada 500 min lariyə qədər dövriyəsi olanlar cəmi 1 faiz vergi verir. Bütün bu addımlar son 8-10 ildə öz bəhrəsini verdi. Gürcüstanın həm ümumi daxili məhsul (ÜDM), həm gəlirləri, həm maaşları təəssüf ki, Azərbaycanı keçdi”.
Qeyd edək ki, 2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazdakı vəziyyət aşağıdakı kimidir:
Gürcüstan – 9.61 min dollar, Ermənistan – 8.86 min dollar, Azərbaycan – 7.43 min dollar.