“Prezident bu məsələni vurğulamaqla bildirib ki, bəzi ölkələrin Xəzər dənizinə axan çaylara yersiz müdaxilələri dəniz suyunun kəskin azalmasına səbəb olur. Bu mənada, bütün Xəzəryanı ölkələrdə ciddi problemlər var”.
Bu sözləri “Yeni Sabah”a AMEA Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.
Onun sözlərinə görə, məsələni təkcə iqlim dəyişiklikləri ilə əlaqələndirib, əsas səbəblərdən yan keçmək doğru deyil:
“Xəzəryanı ölkələr bu məsələni bir yerdə həll edə bilərlər. Çünki müəyyən qədər su qıtlığı artıq müşahidə edilir. Bunun da başlıca səbəbləri kənd təsərrüfatı sahələrinin sürətlə artması, suvarma suyuna artan tələbat və s.-dir.
Məsələni təkcə iqlim dəyişiklikləri ilə əlaqələndirib, əsas səbəblərdən yan keçmək doğru deyil. Xəzərin səviyyəsinin aşağı düşməsini uzun illərdir ən çox antropogen amillərlə bağlayırlar. Ancaq antropogen amillərin də bu qədər intensivləşdiyi dövr olmamışdı. Xüsusilə ötən əsrin 80-90-cı illərindən sonra, Xəzərə tökülən çaylara hədsiz müdaxilə olunur. Təbii ki, Xəzər qapalı su hövzəsidir və ona axan suları kontinental şəraitdə idarə edirəmsə, dənizə tökülməyə imkan vermirəmsə, ciddi problemlərə səbəb olacaq.
Xəzərin suyunun əsas hissəsi Volqa çayı ilə təmin edilir. Bu, dəniz suyunun təxminən 80 faizini təşkil edir. Rusiyanın Xəzərsahili ovalıqda suvarmaya ehtiyacı olan böyük əraziləri var. Ölkənin əsas sənaye potensialı da məhz Volqa çayı boyunca toplanıb. Volqa Rusiyanın ən böyük su arteriyalarından biridir. Əhalinin də çox böyük bir hissəsi elə bu hövzədə yaşayır”.
Mirnuh İsmayılov qeyd edib ki, birinci növbədə bu problemi Rusiya fikirləşməli və aparıcı rol oynamalıdır:
“Təəssüf ki, bu gün bunu görmürük. Rusiya ərazisində bəzi çayların suyunun Volqa vasitəsi ilə Xəzərə yönləndirilməsi yaxşı təşəbbüs olardı. Azərbaycan hökuməti də buna dəstək verərdi. Nəinki Azərbaycan, digər Xəzərsahili ölkələr də.
Xəzərin səviyyəsinin aşağı düşməsindən ən çox ziyan çəkən ölkələr Rusiya və Qazaxıstandır. Azərbaycan sahillərində lokal ərazilər var ki, çox ciddi ziyan çəkir. Bəzi sahil zonalarımızda çəkilmələr 300-500 metri əhatə edir. Bu o qədər də təhlükəli deyil. Amma bəzi ərazilərdə 1.5 kilometrə qədər çəkilmə müşahidə olunur. Əsas çəkilmələr Qızılağacda, Sara adası sahillərində və Giləzi burnu istiqmaətindədir.
Dəniz səviyyəsinin bu qədər aşağı düşməsi həmin yerlərdə doğrudan da ciddi problemlər yaradır. Amma ümumilikdə gələcəkdə ciddi problem olmayacaq. Çünki Azərbaycan sahillərində Xəzərin 2 nəhəng dərinlik sahələri var. Bunlardan birincisi, Dərbənd, ikinci isə Lənkəran çökəkliyidir.
Xəzərin sahili nə qədər də ensə, sonda bu 2 nəhəng süxurda su qalacaq. Çünki bu suların tam buxarlanıb qurtarması üçün yüz illər lazımdır. Xəzərin səviyyəsinin qorunub-saxlanmasında biraz da alternativ vasitələrə üstünlük vermək olar. Məsələn, bəzi çayların suyunu Xəzərin sahillərinə çatdırmaq lazımdır. Hövzədə heç kəsə zərər vurmadan, süni yağışlar təşkil edib, dənizin suyunu xeyli artırmaq mümkündür. Bu, həm də buxarlanmanın xeyli azalmasına səbəb olacaq”.
Xatırladaq: Prezident İham Əliyev BMT Baş Assambleyasındakı çıxışı zamanı bildirib ki, Xəzər dənizi sürətlə kiçilir və əsas səbəb iqlim dəyişmələri deyil. Ölkə başçısı qeyd edib ki, gözlənilməz nəticələri olan ekoloji fəlakətin qarşısını almaq üçün sahilyanı dövlətlərin birgə səylərinə ehtiyac var. Prezident diqqətə çatdırıb ki, Azərbaycan, həmçinin bu problemin həlli istiqamətində BMT ilə də sıx əməkdaşlığa hazırdır.