“Qardaş Türkiyədə anti-Azərbaycan kampaniyasının aparılması yeni deyil”.
Bu sözləri media eksperti Azər Həsrət “Cebheinfo.az”-a açıqlamasında son günlərdə Türkiyə mediasının Azərbaycan əleyhinə xəbərlərini şərh edərkən deyib.
O, türk mediasında Azərbaycanın İsraillə əlaqələrinə və “Avroviziya” musiqi yarışmasında iştirakdan imtina etmədiyi üçün tənqid olunmasına cavab verib.
Ekspert təəssüflə bildirib ki, Türkiyədə hər zaman anti-Azərbaycan və antitürk kampaniyası olub:
“Özü də bu addımı atanlar sadəcə ölkəmizə deyil, həm də Türkiyəyə qarşıdırlar. Bunların da bir ucu Tehrandakı fars-molla rejiminə, bir ucu isə Moskvaya bağlıdır. Eyni zamanda, ermənilərə bağlı olan qruplaşmalar da var. Yəni bu üçlük hər zaman anti-Azərbaycan kampaniyası aparır.
Onların kampaniyasının əsas məqsədi iki ölkənin arasını vurmaqdır. Həmin qüvvələr elə bir görüntü yaratmağa çalışırlar ki, Azərbaycandan baxanda Türkiyə mediasının bizə qarşı olduğunu düşünək. Onlar burada da həmin addımları atmaq istəyirlər. Daha dəqiq desək, Azərbaycanda Türkiyəyə qarşı görüntü yaratmaq istəyirlər”.
O vurğulayıb ki, əslində belə bir vəziyyət yoxdur:
“Türkiyə bizim üçün qardaş ölkədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və komandasının Azərbaycanla bağlı hansısa narahatlıqları yoxdur.
Ümumiyyətlə, onlar əsla ölkəmizə qarşı çıxmayıblar, bundan sonra da çıxacaq deyillər. Azərbaycan dövləti də başda Prezident İlham Əliyev olmaqla, qardaş Türkiyəyə hər zaman səmimi münasibət bəsləyir.
Biz iki qardaş ölkə hər zaman birlikdəyik və kimsə bizi bu yoldan çəkindirə bilməz. Bu kampaniyanı aparanlar Türkiyə dövləti və xalqını təmsil etmirlər. Onlar, Türkiyənin özünə qarşı da kampaniya aparırlar”.
Onun sözlərinə görə, Azərbaycan mediası qardaş ölkədəki o mühiti boş qoymamalıdır:
“Biz oraları doldurmalıyıq. Əslində, bu sahədə daha çox Türkiyədə işləməyə ehtiyac var. Bu işləri bacaran adamlar önə çəkilməli, onlara imkan yaradılmalıdır. Əvvəlki kimi intensiv media görüşlərimiz və qarşılıqlı gediş-gəlişlər olmalıdır.
Düşünürəm ki, bu addımları bərpa etmək lazımdır. Uyğun heyətlər qardaş Türkiyəyə getməli və media qurumlarında görüşlər keçirməlidir. Həmçinin, oradan da bura heyətlər dəvət etməliyik.
Düzdür, indi də zaman-zaman belə addımlar atılır. Lakin antitürk və anti-Azərbaycan qüvvələrə meydan verilməməsi üçün belə görüşləri intensivləşdirmək lazımdır”.