Dövlət başçıları və onların həyat yoldaşlarının geyim seçimləri bəzən sadəcə zövq məsələsi, bəzən isə siyasi mesaj kimi qəbul olunur. Bu konteksdə ABŞ Prezidenti Donald Trampın xanımı Melaniya və Kral III Çarlzın xanımı Kamillanın Böyük Britaniyada keçirilən rəsmi ziyafətdəki libasları diqqət çəkib. Onların Ukrayna bayrağını xatırladan geyimləri maraqlı müzakirələr yaradıb. Bu, Rusiya Prezidenti Vladimir Putinə mesaj kimi dəyərləndirilib.
Dövlət başçıları və onların həyat yoldaşlarının geyimi sadəcə dəbdir, yoxsa siyasi mesaj daşıya bilər?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, dövlət başçıları ilə həyat yoldaşlarının geyim seçimi bir çox hallarda sadəcə zövq və dəb məsələsi kimi qəbul edilir:
“Lakin diplomatiyada simvolların böyük əhəmiyyət daşıdığı nəzərə alınsa, rənglərdən, dizayndan və hətta aksesuarlardan siyasi mesaj kimi istifadə edilməsi nadir hadisə deyil. Xüsusilə beynəlxalq tədbirlərdə libasların təsadüfi seçilmədiyi, əksinə diqqətlə nəzərdən keçirildiyi müşahidə olunur. Tramp və Çarlzın xanımlarının geyimləri onu göstərir ki, seçimlər yalnız estetik məna daşımır, bəzən beynəlxalq gündəmin həssas mövzularına da işarə edə bilər. Belə hallar liderlərin birbaşa siyasi bəyanat vermədən mövqelərini simvolik formada göstərməsinə imkan yaradır”.
Züriyə Qarayeva
Politoloq qeyd edib ki, kişi liderlər adətən qara, tünd göy və ya boz rəngli kostyumlardan istifadə edirlər:
“Onların siyasi mesajı əsasən qalstuk rəngləri, yaxud kiçik detallar vasitəsilə verilir. Məsələn, qırmızı qalstuk çox vaxt güc və qətiyyət simvolu sayılır, mavi rəng isə sabitlik, eyni zamanda diplomatiya ilə əlaqələndirilir. Bundan başqa, döş nişanları, xatirə sancaqları və ya xüsusi lentlər də siyasi mövqe ifadə edə bilər. Beynəlxalq münasibətlərdə geyim üzərindən mesaj ötürülməsi açıq qaydalarla tənzimlənmir, bu, daha çox diplomatik protokolun incəliklərinə aid olan məsələdir”.
Melaniya və Kamillanın geyimləri