1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qızılca kəndində doğulur...
2008 / 2011-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil alır...
2011 / 2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirir...
2015-ci ilin iyun/dekabr aylarında Silahlı Qüvvələrin Təlim-Tədris mərkəzində xüsusi təyinatlıların qrup komandiri vəzifəsi üzrə təhsil alır...
2016 /2019-cu illərdə Ağstafada N saylı hərbi hissədə xüsusi təyinatlıların qrup komandiri vəzifəsini icra edir...
2019-cu ildən Xüsusi Təyinatlıların korpusunun qrup komandiri vəzifəsinə təyin edilir...
Vətən Müharibəsinə xüsusi təyinatlıların qrup komandiri olaraq qatılan, Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində şəxsi heyəti atəş nöqtəsindən çıxardığı zaman minamyot atəşi zamanı hər iki ayağından ağır zədə alan və sağ ayağını itirən, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları, həmçinin "Vətən Müharibəsi Qəhrəmanı" medalı və "Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı" ilə təltif edilib.
Qəhrəmanımızın müharibə xatirələrindən: "Silahdaşlarımız şəhid olanda və ya yaralananda qisas hisdimiz daha da artırdı. Buna görə də biz düşmən kimi yaralımızı qoyub qaçmırdıq. Əksinə, onun qisasını almaq üçün düşmənin üzərinə atılırdıq. Bu səbəbdən də biz Vətən müharibəsində qələbə qazandıq. Müharibənin hər anı yaddaşımızdadır. Döyüş yoldaşlarımızın yanımızda şəhid olmasını heç zaman unutmadıq. Biz xüsusi təyinatlılar ən öndə gedirdik. Yaralımız və ya şəhidimiz olan kimi onların təxliyəsinə, bu mümükün olmadıqda isə, onların mühafizəsinə çalışırdıq. Amma, bizə verilən döyüş tapşırığını yerinə yetirmək üçün verilən vaxt nəzərə alınırdı. Ona görə də zaman gələndə yaralımızı, şəhidimizi geriyə yox, irəliyə, təxliyəsi mümkün olan yerə qədər daşımışıq. Təxliyəsi mümkün olan kimi də təxliyə etdirmişik. Verilən bütün döyüş tapşırığı sona qədər uğurla yerinə yetirilib. Vətən Müharibəsi Qəhrəmanı adı biz müharibə iştirakçıları üçün nə qədər yüksəkdirsə, şəhidlik adı ondan da yüksəkdir. O ad hər kəsə qismət olmur".
Deyirlər qəhrəmanları tarixi şərait yaradır. Mərdlik, cəsarət, vətənə sevgi, sədaqət hissi seçilmiş insanları birləşdirən ortaq cəhətdir. Və bu amil vətən təhlukə qarşısında qalanda üzə çıxır. Bizə onları tanıdır, sevdirir, qürur yerimizə, and yerimizə çevrilirlər...
Xoşbəxt insanlarıq ki, sizinlə eyni zamanı paylaşırıq. Sizi görürürk, tanıyırıq... Bundan sonrakı nəsillərə sizi tanıtmaq da bizim üzərimizə düşür igidim!
Fəxr edirik sizinlə mənim Qəhrəman, qazi qardaşım! Təkcə biz deyil, gələcək nəsillər də sizinlə fəxr edəcək!
Vətən qarşısında göstərdiyiniz xidmətləri nə bu xalq, nə də tarix unutmayacaq tarix yazan oğullar! Allah sizi qorusun, necə ki, siz Vətəni qorudunuz!
Sevinc Bəhmənli