Tramp Venesueladakı dağıdıcı zəlzələlərlə bağlı açıqlama verdi


ABŞ Prezidenti Donald Tramp Venesuelada baş verən güclü zəlzələlərdən sonra Truth Social platformasında paylaşım edib.

Turkustan.az xəbər verir ki, zəlzələləri "nəhəng" adlandıran Tramp ilkin məlumatların ciddi narahatlıq doğurduğunu bildirib və çoxlu sayda insan itkisi barədə xəbərlərin daxil olduğunu qeyd edib.

ABŞ lideri ölkəsinin Venesuelaya yardım göstərməyə hazır olduğunu vurğulayaraq, bütün dövlət qurumlarına operativ fəaliyyət üçün hazırlıq göstərişi verdiyini açıqlayıb.

"ABŞ kömək etməyə hazırdır, bunu etmək istəyir və buna qadirdir. Hökumətimizin bütün qurumlarına sürətli şəkildə hərəkətə keçməyə hazır olmaları barədə tapşırıq vermişəm. Yeni dostlarımızı dəstəkləyəcəyik. İlkin hesabatlar ürəkaçan deyil", – deyə Tramp paylaşımında bildirib.

Venesuelada 39 saniyə ara ilə baş verən 7,5 və 7,2 bal gücündə zəlzələlər xüsusilə paytaxt Karakasda ciddi dağıntılara səbəb olub.

ABŞ Geoloji Xidməti (USGS) fəlakətin miqyasının çox böyük ola biləcəyini bildirərək, ölənlərin sayının 10 minlə 100 min arasında dəyişə biləcəyini ehtimal edib. Agentliyin qiymətləndirməsinə görə, yüksək insan itkisi və genişmiqyaslı maddi ziyan riski mövcuddur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ