“İdarəetmədə islahatlara gedilməsi ilə bağlı məsələ uzun müddət bundan əvvəl də gündəmdə olub. Bir neçə il bundan əvvəl Azərbaycan Prezidenti də belə bir fikir bildirmişdi ki, icra hakimiyyətləri keçmiş sovetlər dönəmindən qalmış bir strukturdur və rekonstruksiya edilməsinə, dəyişdirilməsinə, başqa idarəetmə metoduna keçirilməsinə ehtiyac var. Bu məsələ elə o zamanda müzakirə mövzusu olub, ondan əvvəl də, elə indi də müzakirədən çıxmayıb".
Turkustan.az xəbər verir ki, bunu demokrat az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, idarəetmənin dəyişdirilməsi və yeni strukturların formalaşması özündə Konstitusiya dəyişikliklərini ehtiva edir:
"Bunun üçün də referendum olmalıdır. Bir müddətdir ki, ölkədə referendum keçirilməsi və bir sıra məsələlərlə bağlı Konstitusiyanın islahatlara gedilməsi də gündəmdə müzakirə mövzusu olub. İdarəetmə məsələsinə gəldikdə isə o da məlumdur ki, torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycan prezidentinin işğaldan azad olunmuş ərazilər üzrə səlahiyyətli nümayəndələri təyin olunub. Bu səlahiyyətli nümayəndəlik institutu faktiki olaraq formalaşıb. Bu institutun da konstitusion müstəvidə mövcudluğunun təsdiq edilməsi üçün də qanunvericilikdə dəyişikliklərə gedilməsi ehtimalı var.
Eyni zamanda səlahiyyətlər bölgüsü, səlahiyyətlərin bir hissəsinin bələdiyyələrə verilməsi və ya prezidentin səlahiyyətli nümayəndələrinin nümayəndəlik institutuna səlahiyyətlərin bir hissəsi ötürülməklə idarəetmədə struktur islahatlarına gedilməsi ehtimalı da var. İstənilən halda, qeyd elədiyim kimi, mövcud konstitusion islahatlara gedilməlidir. Bu, yaxın zamanlarda da ola bilər. Bir müddət sonra da ola bilər. Eyni zamanda biz də bununla bağlı öz təkliflərimizi vermişik".