Davamlı İnkişafa Doğru İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsi çərçivəsində yerli sahibkarlara marketinq dəstəyi göstərilib.
QHT.az xəbər verir ki, bu təşəbbüs çərçivəsində bir sıra sahibkarların biznes fəaliyyətlərinin daha səmərəli tanıdılması, məhsul və xidmətlərinin bazarda rəqabət qabiliyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilib. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsinin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafına töhfə vermək, eləcə də bu bölgələrdə fəaliyyət göstərmək istəyən şəxslərin biznes təşəbbüslərinə stimul yaratmaqdan ibarətdir. Layihə çərçivəsində həyata keçirilmiş marketinq dəstəyi tədbiri üzrə seçilmiş 3 nəfər sahibkara bizneslərini qurmaq və inkişaf etdirmək məqsədilə peşəkar marketinq dəstəyi təqdim olunmuşdur. Təqdim olunan xidmətlərə aşağıdakılar daxildir:
-
Fəaliyyət sahəsinə uyğun loqotiplərin hazırlanması
-
Sosial media hesablarının qurulması və idarə edilməsi
-
İlkin kontent strategiyasının qurulması
-
Rəqəmsal tanıtım üzrə məsləhət xidmətləri
Marketinq dəstəyinin əsas məqsədi sahibkarların bazarda mövqelərinin gücləndirilməsi, müasir marketinq alətlərindən effektiv istifadə edərək satışlarını artırması və uzunmüddətli inkişaf imkanları əldə etməsidir. Həmçinin, bu dəstək sahibkarların öz məhsul və xidmətlərini daha geniş auditoriyaya tanıtmasına, hədəf bazarlarını müəyyənləşdirməsinə və rəqabət qabiliyyətlərini artırmasına şərait yaratmaq məqsədi daşıyır.
Layihənin davamında, bölgədə fəaliyyətə başlamaq istəyən digər təşəbbüskarlarla da marketinq dəstəyi istiqamətində seminarlar və fərdi konsultasiyaların keçirilməsi nəzərdə tutulur. İctimai birlik hesab edir ki, bu cür dəstəklər regionun iqtisadi canlanmasına və işğaldan azad olunmuş ərazilərin dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.