Fazil Mustafa: “Azərbaycan və Türkmənistan arasında əlaqələrin möhkəmlənməsi zamanın və yeni reallıqların tələbidir”


Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkə başçısı İlham Əliyevin Türkmənistan səfərinin əhəmiyyətindən danışarkən iki ölkə arasında münasibətlərin yaxınlaşmasını şərtləndirən amillərə diqqəti çəkib.

Deputat qeyd edib ki, Xəzər dənizi vasitəsilə bir-birindən ayrılan, həm də birləşən Azərbaycan və Türkmənistan arasında münasibətlər heç də həmişə arzu olunan səviyyədə olmayıb. Beynəlxalq hüququ aşan və qardaşlıq səviyyəsində cəciyyələndirilə bilən bağlılığa baxmayaraq, ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə, yalnız 2017-ci ildə yüksələ bilib:

“Azərbaycanla Türkmənsitanın yaxınlaşmasına təsir edən müsbət faktorlar hər şeydən əvvəl tarixi,dini, mədəni yaxınlıqdır. İki ölkə arasında münasibətlər zamanla dalğalansa da, xüsusilə 2014-cü ildən bəri aydın hiss edilən bir irəliləyiş müşahidə edilməkdədir.

Bu yaxınlaşmaya təsir edən başqa bir amil Mərkəzi Asiyaya problemsiz şəkildə daxil olmaq istəyən Türkiyə üçün Azərbaycan və Türkmənistan arasında möhkəm əlaqələrin olmasının vacibliyidir. Buna görə də qardaş Türkiyə, iki ölkə arasında münasibətlərin daim yaxşı olmasında maraqlı olub və bu münasibətlərin inkişafına hər vasitə ilə öz layiqli töhfəsini verməyə çalışıb.

Həmçinin amillərdən biri də əlaqələrin möhkəmlənməsində hərəkətverici qüvvə rolunu oynayan Türk Dövlətləri Təşkilatıdır (TDT). Bu təşkilatın yaradılış məqsədi və müxtəlif vaxtlarda qəbul etdiyi sənədlərdə vurğulanan əsas vəzifə, məhz üzvlər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına, inteqrasiya proseslərinin gücləndirilməsinə yönəlib. Bu kontekstdə TDT-nin üzvləri arasında, xüsusən də Azərbaycanla Türkmənistan, eləcə də Mərkəzi Asiyanın digər Türk dövlətləri arasındakı münasibətlərdə bərabərhüquqlu yanaşmaya əsas amil kimi üstünlülk verilir.

Azərbaycanla Türkmənistan arasında əlaqələr təkcə dəstəkləyici aktorlar vasitəsilə deyil, həm də onu təhlükə kimi qəbul edilən aktorlar vasitəsilə də möhkəmlənməyə məhkumdur. Azərbaycan və Türkmənistanın postsovet ölkələri kimi Rusiya və İranla müxtəlif əlaqələri var. Bu münasibətlər, xüsusən də geosiyasi baxımdan və enerji xətləri vasitəsilə asılılıq yaradır. Tehran və Moskvanın, xüsusən də Mərkəzi Asiya və Qafqaza qarşı yürütdüyü siyasət narahatlıq yaradır. Buna cavab olaraq Azərbaycan və Türkmənistan üçüncü tərəflərin təsirinə qarşı çıxmaq üçün qarşılıqlı münasibətləri gücləndirməyə çalışırlar.

Nəhayət, regional və qlobal güc mərkəzləri və dinamikalar daim dəyişir. Getdikcə güclənən Asiya ölkələrinin Qərbə çıxış əldə etməsi üçün təhlükəsiz yollara ehtiyacı var. Üstəlik, ucuz istehsal üçün Asiyaya üz tutan aktorların da stabil marşruta ehtiyacı var. Bu kontekstdə Orta Dəhliz getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan və Türkmənistan güclü əlaqələr qurmaları sayəsində, iqtisadi faydalarını da artıra biləcəklər. Bu baxımdan, Avropa və Çinin regiona artan marağı, Orta Dəhliz və Bir Kəmər və Bir Yol təşəbbüsü, Azərbaycan və Türkmənistanın geosiyasi mövqelərindən yararlanmağa yönəlmiş siyasət, münasibətlərin yaxşılaşmasının əsas amilləri sırasındadır. Bir sözlə, Azərbaycan və Türkmənistan arasında əlaqələr möhkəmlənməsi zamanın və yeni reallıqların tələbidir”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Tükmənistana bu ayın 22-də baş tutan çox əhmiyyətli səfəri Azərbaycanın iqtisadi inkişaf səviyyəsini bir daha nümayiş etdirməklə yanaşı, kifayət qədər regional və qlobal mesajlarla yadda qaldı: "Bu mesajlar hər şeydən əvvəl Azərbaycan, Özbəkistan və Türkmınistanla yanaşı bütövlükdə Türk dünyasının gələcək əməkdaşlığı istiqamatində qarşıda duran strateji vəzifələrin icrası ilə bağlıdır. Bu səfər Orta Asiyann iki Türk respublikası- Özbəkistan və Türkmənistan arasında faktiki yeni əməkdaşlıq formatının əsasını qoydu. Hansı ki, həmin formatın reallaşdıracağı layihələr regional çərçivəni aşaraq, qlobal mahiyyət daşıyır. Bu formatın özəyini nəqliyyat, enerji layihələri təşkil edir. Müasir dünyada qlobal nəqliyayt layihələrindən kənada qalmaq, hər bir ölkənin inkişaf və tərəqqidən kənarda qalması anlamına gəlir. Bu baxımdan ölkə başçısının Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Türkmənbaşı şəhərində keçirdiyi görüş, regionun siyasi-iqtisadi inkişafında mühüm mərhələdir".

Millət vəkili bildirib ki, Azərbaycan,Türkmənistan və Özbəkistan arasında qardaşlıq münasibətləri və çoxşaxəli əlaqələr son illər daim inkişaf etməkdədir: "Azad edilmiş ərazilərimizdə qardaş ölkələr tərəfindən müxtəlif təmayüllü infrastruktur layihələrinin icrası və gələcəkdə bu işlərin daha geniş şəkidlə davam etdirilməsi üçün götürülən öhdəliklər ölkələrimiz arasında əlaqələrin möhkəm olduğunun göstəricisidir".

Komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin Türkmənistan səfəri və səfər çərçivəsində Azərbaycan-Türkmənistan və Özbəkistan liderləri arasında keçirilən Türkmənbaşı zirvəsi yalnız üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində sistemli və real iqtisadi inteqrasiyanın təməlinin qoyulması və əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olması baxımından mühüm əhəmiyyətə malikdir.


MANŞET XƏBƏRLƏRİ