“Sülh sazişdən sonra kinolarda tarixi həqiqətləri insana məhəbbət simvolları ilə göstərəcəyik. Bu hadisələrin heç biri filmlərin məzmununa təsir etməməlidir. Məsələn, İkinci Dünya müharibəsindən sonra Rusiya və Almaniya barışsa da, filmlərdə bütün həqiqətlər dünyaya göstərilirdi”.
Bu sözləri “Yeni Sabah”a kinorejissor Əlisa Cabbarlı deyib.
O bildirib ki, müharibə filmlərini hər zaman ümumbəşəri dəyərlər nəzərə alınmaqla insanlara çatdırılıb:
“Azərbaycan kinematoqrafçıları Qarabağ müharibəsini sülh sazişindən əvvəl də ümumbəşəri dəyərlər nəzərə alınmaqla işıqlandırıblar. Onlar qəhrəmanları milli mənsubiyyətinə görə yox, əməllərinə görə fərqləndiriblər. Belə filmlərimizin ən yaxşı nümunələri içində “Hər şey yaxşılığa doğru”, “Nabat” kimi filmlərin adlarını çəkə bilərik. Bunlar hamısı ümumbəşəri dəyərlər nəzərə alınmaqla müharibəninin təfərrüatlarını insanlara çatdırıb.
Azərbaycan xalqı çox insanpərvərdir. Heç kimə düşmən münasibəti bəsləməmiş, sadəcə olaraq öz haqqımızı tələb etmişik. Sazişdən sonra da kinolarda tarixi həqiqətləri insana məhəbbət simvolları ilə göstərəcəyik. Bu hadisələrin heç biri filmlərin məzmununa təsir etməməlidir”.
Əlisa Cabbarlı Ermənistan kinematoqrafiyasında mövqeyin dəyişməli olduğunu deyib:
“İkinci Dünya müharibəsindən sonra Rusiya və Almaniya barışsa da, filmlərdə bütün həqiqətlər dünyaya göstərilirdi. Əvvəlki qaydada işimizə davam edəcəyik. İnsanpərvərlik və humanizmlə müharibənin bütün detallarını dünyaya çatdıracağıq. Əsasən milli yox, insani hisslərimizi qabardacağıq. Bu filmlər məzmunundan asılı olmayaraq, insanlarda sülhə çağırış hissi formalaşdırmalıdır. Hadisələr kin-küdurətlə təqdim olunmazsa, cəmiyyət də sülhü humanizmlə qarşılaya bilər.
Neçə illərdir İsa Peyğəmbərin çarmıxa çəkilməsi bütün əsərlərdə və filmlərdə öz əksini tapır. Bu da bir vəhşilik və vandalizm aktı olub. Amma indi həmin proseslər cəmiyyətə sevgi və mərhəmət hissi ilə çatdırılır.
Eləcə də 90-cı illərdən bu günə qədər başımıza gələn bütün vəhşilikləri filmlərimizdə göstərəcəyik. Əsas odur ki, məsləyə istedadlı və kreativ yanaşmağı bacaraq. Heç bir saziş bizim fəaliyyətimizə mane olmur. Biz hər zaman insanpərvər və humanist olmuşuq, belə də davam edəcəyik. Bizim mövqeyimizi dəyişməyə ehtiyac yoxdur. Ermənilərin mövqeyini dəyişmək lazımdır”.