İranla İngiltərə arasında casus müharibəsi gərginləşir. “The Telegraph”ın məlumatına görə, ötən həftə Taliban Kabildə SEPAH nümayəndələri ilə görüş keçirərək Britaniya casuslarının siyahısını İrana təqdim edib.
Razılaşmaya əsasən, Taliban bunun qarşılığında Tehran tərəfindən rəsmi hökumət kimi tanınmaq istəyir, SEPAH isə İran rəhbərliyini bu istiqamətdə inandırmaq öhdəliyi götürüb.
İran Taliban hakimiyyətini tanıyacaqmı?Bu addım regionda hansı siyasi nəticələrə səbəb ola bilər?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Talibanı dünyada hələ heç bir ölkə de-yure tanımayıb:
“Bir çox ölkələr Talibanla de-fakto əməkdaşlıq edir. Vaxtilə Taliban İranın konsulluğunu, işçilərini və jurnalistini qətlə yetirdi, nəticədə Tehran hakimiyyəti ilə ciddi qarşıdurma yarandı. Son illərdə tərəflər arasında su problemi də mövcud olub. Həmçinin yaxın zamanda İrandan Əfqanıstan mühacirlərinin kütləvi şəkildə deportasiya edilməsi Tehran ilə Taliban arasındakı münasibətlərin hələ də normal olmadığını göstərir.
SEPAH İran hakimiyyətinin bel sütunudur və əsasını təşkil edir. Ona görə də özünə strateji dayaqlar axtarır və hesab edir ki, Taliban onlardan biridir. Vaxtilə SEPAH Talibana qarşı çıxıb və onu qəbul etməmişdi. Lakin hazırda Kabil hökuməti dünya tərəfindən tanınmaq problemi ilə üzləşir”.
Sədrəddin Soltan
Politoloqun sözlərinə görə, bir ölkənin digərinin kəşfiyyatçılarının siyahısını təqdim etməsi dövlət sirrinin yayılması hesab olunur:
“Əgər Taliban bu məlumatları paylaşarsa, Böyük Britaniya ilə münasibətlərinə ciddi zərbə vurmuş olacaq. Gələcəkdə belə bir siyahının yayılması yalnız Tehran hakimiyyətinin şişirdilmiş iddiaları kimi qiymətləndirilə, ölkədə insanlara qarşı repressiya və təqib üçün yeni üsul kimi istifadə oluna bilər.
Digər tərəfdən, Talibanı tanımayan və qəbul etməyən İran tərəfinə təqdim olunan siyahının obyektivliyi qanuni və hüquqi əsaslara malik deyil. Bu baxımdan, Tehran hakimiyyətinin həmin siyahı ilə insanları təqib etməsi qərəzli hesab olunmalı və vətəndaşlarına qarşı repressiyanı gücləndirmək cəhdi kimi qiymətləndirilməlidir.
Hazırda Tehran hakimiyyəti çətin vəziyyətdədir və Talibanı belə tanıya bilər. Halbuki qruplaşmanın rəhbərlik etdiyi əhali ölkədən zorla çıxarılıb, son beş ayın statistikasına görə bu rəqəm bir milyondan çoxdur”.