ABŞ Prezidenti Donald Tramp son aylarda qlobal diplomatiyada aktiv rol alaraq özünü sülh vasitəçisi kimi ön plana çıxarır. Müxtəlif regionlarda münaqişələrin həlli üçün təşəbbüslərlə çıxış edən Tramp bu dəfə diqqətini Cənubi Qafqaza yönəldib. Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş də məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir.
Eyni zamanda Trampın yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə də birbaşa görüş keçirməyi planlaşdırdığı bildirilir. Görüşdə atəşkəs razılaşmasının əldə olunması real ehtimal kimi dəyərləndirilir.
Maraqlıdır görəsən, Trampın sülh səyləri nəticə verəcəkmi? Münaqişələr həqiqətən bitə bilərmi? Turkustan.az olaraq bu suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.
Məhəmməd Əsədullazadə
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülhün əldə olunması üçün ciddi səylər göstərir. O, əvvəlcə bu prosesə 100 gün vaxt verdi, daha sonra bu müddəti 60 günə, sonra isə 50 və 10 günə endirdi. Artıq sonuncu müddət də başa çatıb. Vaxt bitməzdən əvvəl Trampın xüsusi nümayəndəsi Vitkof Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya səfər etdi və burada Putin öz təkliflərini irəli sürdü. Düşünürəm ki, bu təkliflərin içərisində müəyyən detallar mövcuddur.
Lakin sülh müqaviləsinin imzalanması məsələsində Trampın bir şərti var – əvvəlcə Putin Ukrayna Prezidenti Zelenski ilə görüşməlidir. Trampın diqqəti hazırda daha çox Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yönəlib. Bu istiqamətdə o, hələ bu ilin mart ayından hazırlıqlara başlayıb.
Donald Tramp daha öncə Pakistan ilə Hindistan arasında atəşkəsin əldə olunmasının təşəbbüskarı kimi çıxış edib və bu nailiyyətləri öz siyasi iradəsi ilə əlaqələndirir. İndi isə onun əsas məqsədlərindən biri də Cənubi Qafqazda – konkret olaraq Azərbaycan və Ermənistan arasında sülhə nail olmaqdır.
Mən düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülhə yaxın bir prosesin başlanmasında Trampın rolu olacaq. Əgər proseslər müsbət istiqamətdə davam edərsə, o, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına da nail ola bilər. Lakin hazırkı mərhələdə tam və yekun sülh müqaviləsindən deyil, sülhə yaxın bir “Memorandum”un imzalanmasından söhbət gedə bilər. Bu sənəd çərçivəsində sülh mətni paraflana bilər.
Eyni zamanda Zəngəzur dəhlizinin açılması, Azərbaycanla Ermənistan arasında siyasi proseslərin formalaşması və digər məsələlər də bu sənəddə yer ala bilər. Tramp bu istiqamətdə də səylərini davam etdirir və düşünürəm ki, Azərbaycan-Ermənistan münasibətlərində istədiyinə nail ola bilər.
Ukrayna məsələsinə gəldikdə isə, bu məsələ daha mürəkkəb və mübahisəlidir. Əgər Rusiya beynəlxalq təzyiqlərə davam gətirə bilməzsə, Tramp bu istiqamətdə də sülhə nail ola bilər.
Aytən Yaşar/ Turkustan.az